Qadin.NET / Dollar kreditləri ilə bağlı rəsmi açıqlama

Dollar kreditləri ilə bağlı rəsmi açıqlama

 

Dollar kreditləri ilə bağlı rəsmi açıqlama

"Azərbaycan əhalisi banklardan götürülən kredit müqaviləsində hansı valyuta ilə kredit götürübsə, o valyutada da qaytarmalıdır".
ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
E. Rüstəmov qeyd edib ki, bununla yanaşı AMB kommersiya banklarına tövsiyələr də edib: "Tövsiyə edirdim ki, banklar öz kreditlərini restrukturizasiya etsinlər və vaxtını uzatsınlar. Əgər banklar bu addımları atmasalar, onda problemli kreditlərin həcmi arta bilər. Buna görə, banklara kreditlərin vaxtını 2-5 il və daha çox müddətə qədər uzatmağı məsləhət görürəm. Bu gün banklar 15-20%-lə kredit verirlər. Burada kifayət qədər gəlirlik var".
AMB rəhbəri banklara faiz dərəcələrini aşağı salmağı da tövsiyə edib: "Bu, bankların özlərinə sərf edəcək və bankların problemli kreditlərinin həcminin artmasının qarşısını alacaq".
Millət vəkillərinin müvafiq sualına cavab verərkən E. Rüstəmov bildirib ki, manatla götürülən krediti dollara çevirən banklarla bağlı əhali Mərkəzi Banka ünvanlaya bilər.
"Mərkəzi Bank bu kommersiya bankları haqqında çox ciddi ölçü götürəcək. Bu çox ciddi qanun pozuntusudur. Əgər bank krediti manatla verib, sonradan müştərinin razılığı olmadan dollara çeviribsə, bu məlumatları bizə təqdim edin, biz bu banklar haqqında çox ciddi tədbirlər görəcəyik".

 

Mənbə: ANS PRESS

1 aprel 2015
GO BACK