“Təbəssüm sədəqədir” buyurur sevimli Peyğəmbərimiz (s.ə.s.). Bir insanın üzünə təbəssümlə baxmaq ona olan rəğbəti, səmimiyyəti və bəlkə də, sevgini ifadə etməkdir.
Təbii ki, söhbət həqiqi təbəssümdən, ürəkdən qaynaqlanan münasibətdən gedir. Hər münasibətin də təməlində hansısa niyyət dayanır. Hər niyyət də iki ünvandan birinə yönəlir: ya dünyaya, ya da dünyadan sonrakı həyata. Hər şey də elə bu iki variantdan birini seçməklə həll olunur. Kimi bütün varlığını, qazancını, itkisini dünya ilə bağlayır, kimi də dünyadan sonra başlayacaq həyatla. “Allahı sevirəm” deyən birisi insanlara qarşı haqsız davranırsa, onda dediyinə inanma. Çünki Allahı sevməyin həqiqəti insanlara, bir az da geniş danışsaq, Allahın yaratdıqlarına münasibətdə görünür.Cəmisi ikicə kəlmədir, amma ürəklə deyildikdə bu iki kəlmənin qarşı tərəfi necə duyğulandırdığını, insanı necə yumşaltdığını sözlə ifadə etmək mümkün deyil. Təsəvvür edin ki, qapısını döydüyünüz məmur səhərdən bəri o qədər yorulub ki, qalxıb yanındakı rəfdən qovluğu almağa belə ərinir. Üstəlik də, keçirdiyi stress, kimdənsə eşitdiyi acı sözlər ovqatına soğan doğrayıb. Amma bütün bunlara baxmayaraq, o məmur sizin işinizi həll edir, məsələn, gətirdiyiniz sənədə qol çəkib, nömrə qoyur. Bütün bunlardan sonra sizin ona ürəkdən “təşəkkür edirəm” deməniz, inanın ki, bəlkə də, onun yorğunluğunu çıxarar, stresini alar.
Allaha şükür etmək hər kəsin insanlıq borcudur. Həm də insan dili və qəlbi ilə şükür etməyi özünə vəzifə etməlidir. Allaha şükür etməklə bəndəyə təşəkkür etmək arasında bir əlaqə var. İnsanı bütün mahiyyəti, duyğu və düşüncəsi, istəyi ilə yaxşı tanıyan Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) belə buyurmuşdur: “İnsanlara təşəkkür etməyi bilməyən Allaha da şükür etməyə bilməz”.
Bəli, Allaha şükür etmək insan üçün çox gərəkli, çox önəmli ibadətdir. Çünki bizi O yoxdan var edib; Bizə can verib; Bütün digər yaratdıqlarından daha üstün imkanlar verib. Ağac da canlıdır, ancaq o bir yerdən hərəkət edib, başqa yerə gedə bilməz. Heyvan da canlıdır, ancaq bizə verilmiş ağıl kimi bir nemətdən məhrumdur. Müsəlman olduğumuz, sağlam, rahat yaşadığımız üçün də nə qədər şükür etsək, yenə azdır.
Ona görə də insanlara təşəkkür edərkən əsl təşəkkür edilməli olanı unutmamaq lazımdır. Üstəlik, təşəkkür etməli o qədər sərvətlərimiz var ki, saymaqla qurtarmaz: Acanda doyunca yeyə bilmək özü də bir nemətdir; ürəyin istəyəndə durub gəzmək özü də nemətdir; qaçmaq, oynamaq, ürəkdən gülə bilmək, hər səhər əl-qolunu yelləyə-yelləyə işə gedə bilmək... hamısı nemətdir, hamısı sərvətdir. Amma bu qədər nemətin, bu qədər sərvətin fərqinə vara bilmirsənsə, onda özündən küs.İnsana təşəkkür mənası daşıyan bir xeyli deyimlərimiz var. Bəzən bir “sağ ol!”, bəzən “çox sağ ol!”, “Allah köməyin olsun!” deyərək qarşı tərəfə öz təşəkkürümüzü, səmimiyyətimizi bildiririk. Amma bütün bunlarla yanaşı, başqa bir ifadə də var ki, həm də ən şirin, ən səmimi dua yerinə keçər: “Allah səndən razı olsun!”. İnsanın ən böyük qazancı elə Allah-Təalanın rizası, yəni rəğbəti, razılığıdır. Sən də qarşı tərəfə məhz o şərəfi, o səadəti arzulayırsan. Bizə görə, insana təşəkkürün ən uca məqamı bu deyimlə ifadə olunur. Çünki Allah bir kəsdən razı olarsa, o adam artıq hər şeyi qazanmış olur. Yerdə qalan hər şey onun üçün çox bəsit, çox kiçik gəlir.Təşəkkürü candərdi, başdangetdi ifadə etmək elə təşəkkürün özünü urvatdan salır. Dilin təşəkkür edir, üz-gözündən zəhər-zəhrimar yağırsa, daha bünün harası təşəkkür oldu?Ən kiçik, ən adi yaxşılığa belə təşəkkürlə cavab vermək həm o işin bərəkətini artırır, həm də o insanı hər zaman yaxşı olmağa sövq edir. Unutmaq olmaz ki, bir insana Allah-Təalanın verdiyi nemətlərin getdikcə artması həm də o insanın əlində-ovcunda olan nemətlərə şükür etməsinə bağlıdır. Bu barədə Qurani-Kərimdə belə buyurulmaqdadır: “Əgər şükür etsəniz, Mən nemətlərimi daha da artıraram” (İbrahim surəsi-7). Allah-Təala şükür edənə nemətlərini artırdığı üçün gərək insanlar da səmimi təşəkkür edənlərə qarşı rəğbətini, mərhəmətini artıralar. Verilmiş nemətin qədrini bilməyənə nankor deyirlər. İnsan nemətin qədrini bildikcə Allah da onun bərəkətini artırar.
Mənbə: Milli.Az