
Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. Həmin abituriyentlər ərizələrini aprelin 7-dən aprelin 30-dək təsdiq edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək fəaliyyət göstərirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər. Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər.
Məlumat üçün bildirək ki, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.
Ərizə qəbulunun tam mətni, "Elektron ərizə" verən abituriyent üçün təlimat, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 2-ci sayında təqdim olunub.
Mənbə: Milli.Az