WhatsApp yaxın həftələrdə iPhone üçün səsli zəngi dəstəkləyən rəsmi mobil tətbiq buraxmağı planlaşdırır. Bu haqda F8 konfransında şirkətin həmtəsisçisi Brayan Ekton bildirib. Milli.Az İCT nevs-a istinadən bildirir ki, 2015-ci ilin əvvəlində WhatsApp Android üçün tətbiqin yeni versiyasında səsli zəng funksiyasının sınaqlarına başlayıb. Bu funksiya messencerə səsli və videozənglər təklif edən LINE, Skype və Viber kimi xidmətlərlə rəqabət aparmağa imkan verəcək. İstifadəçilər WhatsAppın yeni mobil tətbiqinə quraşdırılmış zənglər funksiyasının köməyi ilə öz kontaktlarındakı istənilən nömrəyə zəng edə bilərlər. Əgər zəngi qəbul edən tərəf mobil tətbiqin son versiyasını quraşdırmayıbsa, bu problem deyil. Həm Wi-Fi, həm də mobil şəbəkələr vasitəsilə səsli zəng etmək olar.
Hazırda WhatsApp messencerində səsli zənglər rəsmi olaraq yalnız Android telefonlar üçün əlçatandır.
Bildirək ki, WhatsApp messencerinin aktiv istifadəçilərinin sayı 700 milyonu ötüb. Aktiv auditoriya dedikdə ayda ən azı bir dəfə WhatsApp messencerindən istifadə edənlər başa düşülür.
Messencerin abunəçilərinin sayı çox sürətlə artır. Belə ki, 2013-cü ilin ortalarında təxminən 200 milyon insan bu messencerdən istifadə edib, 2014-cü ilin aprelinədək bu göstərici 500 milyonadək artıb və avqustda 600 milyon olub.
Mənbə: Milli.Az