Qadin.NET / Yaz dərdlərindən qurtulmağın yolları

Yaz dərdlərindən qurtulmağın yolları

 

İsti nəfəsi ilə təbiəti oyadan yaz fəslinin gəlişi özü ilə bərabər müəyyən mövsümi xəstəlikləri də gətirir. Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan yazda insan orqanizmində bir sıra dəyişikliklər baş verir.
El arasında "qanın durulması" dövrü adlanan yaz fəslində immun sistemi zəiflədiyindən insanlarda ümumi halsızlıq yaranır və infeksion xəstəliklərə qarşı müqavimət zəifləyir. Orqanizmdə maddələr mübadiləsi sürətlənir ki, bu da vitaminlərə, minerallara və zülallara ehtiyacı artırır. 
Həkim-terapevt Qasım Allahverdiyevin fikirlərinə görə, yazın gəlişi ilə bütün xroniki xəstəliklər kəskinləşir. Buna səbəb isə havanın temperaturunun kəskin dəyişməsidir: “Toza, çiçəklərin ətrinə qarşı güclü allergiya baş qaldırır. Boğulma, astma, astmatik bronxitlər əmələ gəlir”. 
Həkim bizimlə söhbətində bildirdi ki, immun sisteminin zəifliyi qışda vitamin balansının azalması ilə özünü büruzə verir: 
“Vitamin preparatlarını çox qəbul etməyə ehtiyac yoxdur. Tərəvəzin bol vaxtıdır, elə onun özü güclü vitamin balansını təmin edəcək”.
Terapevtin sözlərinə görə, xüsusən mədə-bağırsaq sisteminin xəstəlikləri, uşaqlarda allergik xəstəliklər fəsil dəyişkənliyi olan müddətdə baş qaldırır. Həkim-terapevt bizimlə söhbətində mövsümi xəstəliklərin ev şəraitində müalicəsi haqqında da müəyyən məlumat verdi: 
“İtburnu çayı qəbul etməlidirlər. Onun tərkibində C vitamini çoxdur. Bu vitaminin qəbulu bəzi xəstəliklərin qarşısını alır. Çobanyastığı çiçəyi dəmləməsi içsələr, mədə-bağırsaq sistemi yaxşı işləyəcək. Bir də cökə çiçəyini çay kimi qəbul etsələr, demək olar ki, zökəm xəstəliyinə qalib gələ bilərlər”. 
Bildirək ki, yazın gəlişi ilə bağlı insanların psixologiyasında da müəyyən problemlər yaranır. Psixoloq İlham Məmmədovun fikirlərinə görə, iqlim dəyişkənliyinin nəticəsi olaraq, orqanizmdə biokimyəvi stress yaranır ki, o da öz növbəsində bir sıra fəsadlara gətirib çıxarır: 
“Həkimlər nəyə görə deyirlər ki, yaz fəslində daha çox vitaminlər qəbul etmək lazımdır? Çünki bu fəsildə orqanizmdə tələblər artır və orqanizm bunlara uyğunlaşmalıdır. O uyğunlaşma prosesini keçənə qədər, əlbəttə, orqanizmdə müəyyən gərginliklər olur, bu da stressin əmələ gəlməsinə gətirib çıxarır. Stress orqanizm üçün əlverişsiz şəraitə cavab reaksiyasıdır”. 
Mövsüm dəyişikliyi ilə əlaqədar insanlar orqanizmlərində olan müəyyən xəstəliklərin müalicəsini düzgün həyata keçirib, normal qidalansalar, yaz fəslində bu xəstəliklər daha da kəskinləşib müəyyən psixoloji hallara gətirib çıxarmaz.

Mənbə: Milli.Az

 

30 mart 2015
GO BACK