Günün pik saatlarında paytaxtın Yusif Səfərov küçəsi, Babək və Heydər Əliyev prospektlərinin kəsişmə hissəsində yaranan sıxlığı və tıxacları aradan qaldırmaq üçün həmin ərazidə müəyyən hərəkət dəyişikliyi edilib.
Milli.Az hafta.az-a istinadən bildirir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Bölmə rəisi qeyd edib ki, əvvəllər Babək prospektindən metronun “Gənclik” stansiyası, Koroğlu Rəhimov, Təbriz, Dəmirçizadə, Xoyski küçələri istiqamətində getmək istəyən sürücülər birbaşa Heydər Əliyev prospektinə çıxıb “Excelsior” mehmanxanasının yanındakı yeraltı tuneldən keçərək Gülarə Qədirbəyova küçəsi ilə hərəkət edirdilər. Bu zaman isə istər-istəməz Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri ilə qarşılaşır və yolda uzunmüddətli sıxlıq və tıxaclar yaşanır, narazılıq və narahatlıqlar baş verirdi.
V.Əsədovun sözlərinə görə, lakin bundan sonra Babək prospektindən “Gənclik” tərəfə hərəkət edənlər “Exselsior” hotelinin yanındakı tunelə birbaşa girə bilməyəcəklər: “İndi qeyd edilən istiqamətə hərəkət etmək üçün sürücülər sağa dönmə əməliyyatı etmədən düzünə, qarşıdakı tunelə daxil olaraq Bakı şəhər Baş Polis İdarəsi istiqamətində hərəkət etməli, daha sonra İdarənin qarşısından geriyə dönməli və Yusif Səfərov küçəsi ilə hərəkət edərək “Excesior” mehmanxanası ilə üzbəüz yeraltı tuneldən keçməlidirlər. Bu məqsədlə sürücülər üçün müvafiq yol nişanları da quraşdırılıb. Ona görə də sürücülərdən diqqətli olmaları, quraşdırılmış yol nişanlarının tələblərinə əməl etmələri xahiş edilir”.
Bununla bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə deyib ki, görülən tədbirlərə baxmayaraq, paytaxtın Babək prospektindən Koroğlu Rəhimov keçəsi və Xətai prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri həmin ərazidə quraşdırılmış yol göstəriciləri, yol nişanlarının və üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq qəza şəraiti yaradırlar: “Həmin istiqamət üzrə hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov küçəsində yeni yaradılan sahədə dönmə əməliyyatı edərək hərəkətlərini davam etdirmək əvəzinə Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində təhlükəli qəza şəraiti yaradırlar”.
P.Mürsəliyev bildirib ki, bütün bu halların aradan qaldırılması üçün həmin ərazidə nəzarətin gücləndirilməsinə böyük ehtiyac var: “Əgər vaxtında bunun qarşısı alınmazsa, yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmazdır”.
Mənbə: Milli.Az