Qadin.NET / Baharın gəlişilə baş qaldıran xəstəliklər

Baharın gəlişilə baş qaldıran xəstəliklər

 

 

Baharın gəlişi ilə baş qaldıran xəstəliklər insanlarda müəyyən narahatlıqlar yaradır. Gecələrin qısalması, günlərin uzanması, saatların dəyişməsi bədənin hormon tarazlığını pozur. Yuxu nizamındakı dəyişikliklər adamın yetərincə dincəlməməsinə, davamlı yorğunluğa, unutqanlığa və s. səbəb olur. Xüsusilə çox işləyən, stresli insanlar tək başağrısı deyil, kürək, boyun, çiyin əzələlərində, oynaqlarda ağrılar hiss edirlər.
Yazda ən çox rast gəlinən problemlərdən biri allergiyadı. Dünyada hər 10 nəfərdən 2-si allergiyadan əziyyət çəkir. Dünya alimləri XXI əsri "allergiya əsri" adlandırıblar. Allaergik xəstəliklərə ən çox havada uçuşan çiçək tozları səbəb olur.
Tozlar ən çox da gözlərə təsir edir. Allergiya nəticəsində gözdə qaşınma, qızarma və nəticədə damar genişlənməsi meydana gəlir. Kəskin yanma, işığa baxa bilməmək, bulanıq görmə yaranır. Qaşınma bəzi adamlarda göz önündəki təbəqənin quruluşunun pozulmasına səbəb olur, görmə qabiliyyətini zəiflədir.
Toxumalarda iltihablı şiş yaranır. Qaşınma zamanı gözün davamlı ovxalanması başqa infeksiyaların da yaranmasına səbəb olur. Göz soyuqdəymələri tək allergik deyil, keçici və mikrobla da bağlı olur. Eyni zamanda davamlı asqırmalar, burun axıntısı, tıxanıqlıq müşahidə edilir. Burundan nəfəs alma çətinləşir.
Bu zaman alınan nəfəs nəmləndirilmədən və isidilmədən ağciyərlərə getdiyindən problemlər yaşanır. Nəticədə baş ağrısı, üzdə, alında ağrı, boğazda qıcıqlanma, yanma, davamlı udqunmalara ehtiyac olur. Astma xəstəsi olanlarda döş qəfəsində sıxılma, tıxanıqlıq, nəfəs alıb-vermədə çətinlik, xırıltılı tənəffüs və öskürək ola bilər.
Göz allergiyasından qorunmaq üçün evdə nəfəslik yerinə kondisionerdən istifadə daha məqsədəuyğundur. Çünki kondisionerlə xaricdəki tozların otağa birbaşa daxil olmasının qarşısı alınır. Tozlardan qorunmaq üçün gün eynəkləri də məsləhətdi. Mümkün qədər gözə əllə toxunmaqdan qaçmaq lazımdı.
Bahar mövsümü insanların psixoloji vəziyyətinə də təsir edir. Hava dəyişikliyi nəticəsində davamlı halsızlıq, yuxudan doymamaq hiss olunur. Bunlar əsasən maddələr mübadiləsi, havadakı mənfi və müsbət yüklü ionlarla bağlıdı.
Otağın havasını təmiz saxlamaq, gündə 7-8 saat yatmaq, həftədə ən azı 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək lazımdı. Gündə 2-3 litr su içmək vacibdi.
İnsanların kifayət qədər günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanmasını pozur. Bu mövsümdəki yorğunluq, halsızlıq, yuxusuzluq, narahatlıq yaz depressiyasının əlamətidir. Hər il müşahidə edilir. Bəzi əlamətlər 2 həftədən çox davam edərsə mütəxəssisə müracət etmək məsləhətdi. Müalicə olunmadıqda təkrarlama şansı artır. Həm də bu sıxıntıların başqa bir psixoloji xəstəliyin əlaməti olub-olmadığını öyrənmək vacibdi.
Yuxudan tez durmaq lazımdır. Hər gün eyni saatda yatıb-qalxmağa çalışmaq, daha aktiv olmaq, gündə bir neçə dəfə idmanla məşğul olmaq, avtomobil əvəzinə piyada getməyə üstünlük vermək, hazır qidalar əvəzinə təzə meyvə-tərəvəz qəbul etmək lazımdır.
Bahar uşaqlar üçün “xəstəlik mövsümü” sayılır. Əsas xəstəliklər allergiya və astmadır. Astma ilə bağlı xroniki öskürəklə yanaşı, suçiçəyi də müşahidə edilir. Həmçinin iltihablı göz axıntıları, tənəffüs yolu infeksiyaları, ishallara da çox rast gəlinir”.
Uşaqlar istiyə uyğun geyindirməli və tərləməkdən qorumaq lazımdı. İnfeksiyalara qarşı əllər tez-tez yuyulmalıdı. Əgər valideyn zökəmə yoluxubsa, maska taxmalıdı. Uşaqların düzgün qidalanması təşkil edilməlidi. Çoxlu süd məhsulları içməlidilər. Onları gündə yarım saat günəşə çıxarmaq, gəzdirmək lazımdı.
Mənbə:Milli.Az
21 mart 2015
GO BACK