Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda keçirilən Avronestin 4-cü plenar iclasında çıxış edərək, Azərbaycanın ünvanına kəskin ittihamlar irəli sürüb.
ANS PRESS-in məlumatına görə, o, əvvəlcə ATƏT-in Minsk qrupuna və həmsədrləri saxta tərif yağdırıb, Ermənistanın isə dünyanən ən "düzgün" ölkəsi kimi qələmə verib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin nizama salınması ATƏT-in Minsk qrupunun formatındadır. Bu formata zidd addımlar sülh prosesinə zərər verir.
O, Qarabağ münaqişəsinin həlli prosesində indiki vəziyyətə toxunub, Azərbaycanı danışıqlar prosesini pozmaqda haqsız yerə günahlandırıb: "Bakı ATƏT-in Minsk qrupu həmsədrlərinə müqavimət göstərməkdə davam edir. Danışıqlar prosesini pozmaq üçün mümkün olan hər şey edir. Bakının son il ərzində sərhəddə vəziyyəti əhəmiyyətli dərəcədə közərtdi, buna görə də hər iki tərəfdən qurbanların sayı artdı."
Erməni nazir vurğulayıb ki, vasitəçilər Azərbaycanın zorakılıq hərəkətlərinə qarşı konkret addımlar atmalıdır. Bu, çox əhəmiyyətlidir. Çünki, bu ölkə problemi hərbi yolla həll etməyə üstünlük verir, bizi hədələyir. Azərbaycandan fərqli olaraq Ermənistan həmişə problemin sülh yolu ilə həllini dəstəkləyir.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti martın 16-dan 18-dək Ermənistan paytaxtı İrəvanda keçirilən Avronestin 4-cü plenar iclasına qatılmaqdan imtina edib.
Mənbə:ANS PRESS