Elnur Hüseynovun Azərbaycanı builki "Eurovision"da təmsil edəcəyi xəbərləri öz təsdiqini tapır.
ANS PRESS-in məlumatına görə, İTV bir müddət əvvəl bu məlumatı təkzib etsə də, bu barədə öz saytında xəbər yerləşdirib. Beləki, real namizədlər arasında Elnurun da adı var.
Məlumatda bildirilir ki, 13 Mart 2015-ci il tarixində Azərbaycanı bu ilki Eurovision Mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin qapalı seçimi keçirilib.
İctimai Televiziyanın Baş Direktoru Cəmil Quliyev və nümayəndə heyətinin başçısı Tamilla Şirinovanın da, daxil olduğu münsiflər heyəti ölkəmizi Eurovision Mahnı Müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparan son üç iştirakçıların, Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynov, arasından ölkənin builki təmsilçisini müəyyən ediblər. Qalib ifaçının adı 15 martda açıqlanacaq.
Xatırladaq ki, Elnur Hüseynov artıq bir dəfə - 2008-ci ildə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edib. O, duet ortağı Samir Cavadzadə ilə dəfə müsabiqəyə qatılan ölkəmizi uğurla təmsil etmişdi.
Mənbə:ANS PRESS