Ötən ilin sonlarından başlayaraq qızılın qiymətində artımlar müşahidə olunurdu. Lakin son günlər qiymətdə müəyyən azalmalar var. Ekspertlər neftin qiyməti azaldıqca qiyməti qalxan qızılın 2015-ci ildə dəyərinin artacağını desələr də, hazırkı tendensiya əksini göstərməkdədir. Belə ki, hazırda qızılın bir unsiyasının qiyməti 1160 dollar civarındadır. Yanvar ayında isə bu rəqəm 1265 dollar təşkil edirdi. İqtisadçı Samir Əliyevqəzetimizə açıqlamasında bildirdi ki, dünya bazarında qızılın qiymətində düşmə tendensiyası müşahidə olunsa da, Azərbaycanda əksinədir: “Dünya bazarında qızılın bir unsiyası haradasa 1160 dollar təşkil edir. Amma bu qiymət azalması hələ ki Azərbaycanda müşahidə olunmur. Azərbaycanda qızılın qiymətində bahalaşma var və bu, iki səbəblə bağlıdır. Birincisi, qızılın aksiz vergilərinə cəlb edilməsidir ki, bu qiymətlərə təsir göstərdi. İkinci səbəb isə manatın devalvasiyasıdır. Qızıl daxildə istehsal olunsa da, bu kütləvi istehlak üçün deyil və daha çox Mərkəzi Bank tərəfindən alınır. Əhalinin zərgərlik məqsədilə istifadə etdiyi qızıl bizə xaricdən gətirilir”.
S.Əliyevin sözlərinə görə, qızılın dünya bazarında ucuzlaşması bir müddət sonra Azərbaycandakı qiymətlərə də təsir edəcək: “Dünya bazarında qızılın qiymətində bu ildən başlayan ucuzlaşmanın hələ bir müddət Azərbaycana təsiri olmayacaq”.
İqtisadçı alim Nazim Məmmədov isə deyir ki, dünya bazarında qiymətli metalların qiyməti neftdən asılıdır: “Hazırda dünya bazarında qızılın qiymətində düşmələr müşahidə olunur. Neftin qiyməti ucuzlaşdıqda qızıla tələbat artır. Çünki maliyyə bazarlarında suveren fondlar var ki, onlar neftə maraq azaldıqda qiymətli metallara daha çox üstünlük verirlər. İl yarım bundan öncə qızılın bir unsiyası 1 500 dollara qədər qalxmışdı. Qızıl passiv iqtisadi əməliyyatdır və o vaxt qızıla vəsait yatırmaq olar ki, ehtiyat çoxdur və onu aktiv şəkildə istifadə etmək mümkün deyil. Səhm bazarlarında durğunluq olanda, qiymətli kağızlar, istiqrazlara xarici bazarlarda tələbat aşağı olan zaman adətən qızıla, qiymətli metallara vəsait yatırılır”.
İqtisadçı onu da bildirdi ki, dünyada qızılın qiymətində baş verən dəyişiklik Azərbaycan bazarında bir neçə aydan sonra təsir edə bilər: “Qızıl bahalaşanda və ya ucuzlaşanda biz onun təsirini həmin vaxt hiss edə bilmərik. Çünki Azərbaycana adətən qızıl məmulatları bu və ya digər ölkələrdən idxal olunur. Qızılın dünya bazarlarında qiyməti qalxacaqsa, yaxud enəcəksə, onun Azərbaycana təsiri bir neçə aydan sonra müşahidə olunur. Ancaq ənənəvi olaraq Azərbaycanda qızılın qiyməti mövsümi xarakter daşıyır. Bu da toy mövsümləri ilə bağlıdır. Toylar az olanda qızılın qiymətində müəyyən durğunluq yaranır”.
N.Məmmədovun sözlərinə görə, Azərbaycan üçün qızıl ikinci dərəcəli məhsuldur və qiymətinin qalxıb-düşməsi ölkə iqtisadiyyatına böyük təsir göstərmir: “Qızılın qiymətində dəyişmələr o ölkələrin iqtisadiyyatına təsir edir ki, onların valyuta ehtiyatları daha çoxdur və onu qiymətli metallarda da saxlanılır. Azərbaycan vətəndaşını isə qızılın qiyməti zinət əşyası olaraq maraqlandırır. Düzdür, Azərbaycan həm də qızıl istehsal edən ölkədir. Azərbaycanda bu sahəyə böyük investisiyalar qoyulub və qeyri-neft sektoru olaraq inkişaf etdirilir. Ancaq Azərbaycanda həmin xammalı hər hansı istehsalda istifadə etmək üçün müvafiq infrastrukturlar yoxdur. Bunun üçün hökumət bir proqram hazırlamalıdır. Ehtiyat kimi qızılı yığıb saxlamaqla ölkəmiz varlı ola bilməz. Qızıl Amerika, Çin, Almaniya və s. ölkələrdə istehsal dəyəri qazanır. Bu ölkələrdə qızılın qiyməti ilə ona görə maraqlanırlar ki, həmin ölkələrdə qızıl həm də sənaye məhsulu kimi istifadə olunur”.