Parisin “Avenue George V.” adlı məşhur küçəsində orijinal bir restoran var. Elə kandardan başlayaraq bu yer insanı qəribə bir aləmə aparır: dizayner Filipp Starkın təkrarsız ideyasından qaynaqlanan fantastik, əlvan rənglər və emosiya dolu aləmə düşürsən.
Uydurulmuş "Miss Kö" - abstrakt, lakin çox düzgün qaməti və gözəl bədəni olan bir qızdır. O, hər yerdən "boylanır": divardakı rəsmlərdən, masadakı menyulardan... Onun bədəni çoxsaylı döymələrlə örtülüb və bu tatular da mənasız deyil: hər tatu onun həyatından bir mənzərədir. Sirli Miss Kö dizaynerin uydurduğu obraz olsa da restorana gələnlərin qəlbini fəth edən real, cazibədar bir xanıma çevrilib.
500 kv.metrlik sahədə geniş zallar və mətbəx yerləşir. Çay lampası formasında çilçıraqlar, kərpic divarlardakı freskalar insanın diqqətini uzun müddət özündə cəm edir. Restoranın stili qarışıqdır: Şərq elementləri müasir modernə keçid alır.
Qurmanları da fərqli menyu gözləyir. Yeməkdən əvvəl isə menyu kitabının dizaynı adamı cəlb edir. Desert menyusu ayrıcadır: üz qabığı əlvan narıncı və qırmızı rəngdədir. Kokteyllər menyusunda isə adlar "Miss Kö"nün "dostlarına" aiddir: Ginza boy, Madam Keiko, Li Mon Li. Fransızlar "Miss Kö" nün tərifini artıq verib: o, restorandan çox əsl art-meydandır.
Mənbə:ANS PRESS