Rrusiya prezidenti Vladimir Putin ermənilərin “soyqırım” adlandırdığı hadisələrin 100-cü ildönümü ilə bağlı keçiriləcək anım tədbirinə qatılmaq üçün İrəvana səfərə hazırlaşır.
ANS TV-nin məlumatına görə, bu barədə rəsmi Kreml məlumat yayıb. Kremlin mətbuat katibi Dmitri Peskov Putinin İrəvana səfərini təsdiqləyib. O, deyib ki, bu barədə qərar iki ölkə lideri arasında baş tutan telefon danışığı zamanı verilib. Ermənistan Rusiyanın Qafqazda ən yaxın müttəfiqidir. Amma bu ilin yanvarında Gümrüdə bir rus hərbçisi erməni ailəsini qətlə yetirəndən sonra Ermənistanda Rusiyaya qarşı narazılıqlar artıb.
Ermənistan 1915-ci ildə 1,5 milyon erməninin öldürüldüyünü iddia edir. Türkiyə isə real rəqəmin 500 min olduğunu bildirir və bunun əsasən köç və aclıqla bağlı olduğunu deyir. Aprelin 24-də keçiriləcək tədbir 1915-ci ildə Osmanlı İmperiyasında baş verənləri yad etmək üçündür. Türkiyə də aprelin 24-də Birinci Dünya Müharibəsi dövründə Çanaqqalada baş vermiş döyüşün 100-cü ildönümü qeyd etməyə hazırlaşır. Bu tədbirə 102 ölkənin liderləri dəvət olunub. Tədbirin məhz aprelin 24-də keçirilməsi Türkiyənin qondarma erməni soyqırımı ilə bağlı iddialara cavabı kimi qiymətləndirilir.
Mənbə:ANS PRESS