Hər il Azərbaycana orta hesabla 130 milyon manatlıq dərman preparatları idxal edilir. Statistikaya görə, yerli istehsal olunan dərmanların həcmi isə heç bir milyon manata çatmır. Azərbaycana adicə yod belə xaricdən gətirilir.
Azərbaycan bazarında satılan dərmanların böyük əksəriyyəti Rusiya, Ukrayna, Çin, Türkiyə, ABŞ və Hindistandan idxal olunur.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli açıqlamasında Azərbaycan bazarındakı dərmanların böyük əksəriyyətinin xarici ölkələrdə istehsal olunduğunu və bu səbəbdən qiymətlərin çox baha olmasını bildirib.
Hadı Rəcəbli yodu misal gətirərək deyib ki, bu preparatı Neftçalada da istehsal etmək olar və bunun üçün orada lazımi baza var.
Bu bazadan sovet dövründə maksimum istifadə olunurdu. Azərbaycanda bitən yüzlərlə dərman bitkisindən xeyli dərman preparatları hazırlanırdı.
Mütəxəssislərin fikrincə Azərbaycan dərman istehsalına başlasa, qiymətlər bir neçə dəfə ucuzlaşa bilər. Bu isə həm iqtisadiyyatımıza, həm də əhalinin sosial vəziyyətinə müsbət təsir göstərəcək.
Tibb elmləri doktoru, professor Adil Qeybulla ANS PRESS-ə açıqlamasında bildirib ki, Sovet dövründə Azərbaycanda farmokoloji zavod fəaliyyət göstərirdi və bu zavod müəyyən dərmanların istehsalı ilə məşğul idi: “Amma bu mürəkkəb strukturlu dərmanlar deyildi. Sadəcə olaraq müxtəlif mazlar, məlhəmlər istehsal edilirdi. Çox müərəkkəb strukturlu kimyəvi dərmanların istehsalı ilə xüsusi farmakoloji sənaye məşğul idi. Təəssüflər olsun ki, sovet dövründəki dərmanların keyfiyyət parametrləri dünya standartlarına cavab vermirdi. O dövrdə də xaricdən xeyli dərmanlar alınırdı. Lakin yerli istehsal olunan dərmanlar üstünlük təşkil edildiyi üçün qiymətlər çox ucuz idi”.Professorun sözlərinə görə, bu gün Qərb təbabətinə keçdiyimiz bir halda Azərbaycanda dərman istehsalını dünya səviyyəsində olacağı real görünmür: “Amma dərman sənayesinin Azərbaycanda qurulması üçün tam imkanlar var. Çünki əksər dərman bitkiləri Azərbaycanda mövcuddur. Bu gün Almaniyanın istehsalı olan dərmanların böyük əksəriyyəti şərq və qərb reseptlərinin müştərək variantıdır. Həmin dərmanların tərkibində olan bitkilər Azərbaycanda bitir və yüksək keyfiyyətli dərman hazırlanaraq Azərbaycan malı kimi dünya bazarlarına çıxarıla bilər. Bunun üçün isə farmokoloji sənaye, infrastruktur qurulmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda bu istiqamətdə kapital yatırılmır. Dərman istehsalının inkişaf etdirilməsi üçün bütün işlər kölgədə qalıb. Halbuki bu sahə üzrə Azərbaycanda mütəxəssislər kifayət qədərdir. Azərbaycandan şərq reseptləri əsasında hazırlanmış qərb standartlarına cavab verən dərmanların istehsalına ilkin olaraq başlamaq olar. Dərman istehsalının ənənəsi qoyulsa, inkişaf öz-özlüyündə yaranacaq. Strateji dərmanlar hesab olunan antibiotiklər, vitaminləri biz özümüz də istehsal edə bilərik”.
Professor bildirdi ki, ilkin mərhələdə idxal olunan dərmanların xammalı xaricdən alınaraq Azərbaycanda qablaşdırılması və müxtəlif prosedurları həyata keçirilə bilər. Bu isə Azərbaycanda dərmanların qiymətlərinin dəfələrlə ucuzlaşmasına səbəb olacaq: “Avropada dərman istehsalında çalışan şəxslər yüksək əmək haqqı alırlar. Onların aldığı maaş da dərmanın qiymətinə təsir edir. Lakin dərmanların qablaşdırılması, təmizlənməsi və son mərhələyə qədər prosedurların Azərbaycanda həyata keçirilməsi həmin dərmanın beynəlxalq qiymətindən dəfələrlə ucuzlaşmasına gətirib çıxaracaq”.
Bildiyiniz kimi Azərbaycanda dərman istehsalı ilə “Azərfarm” müəssisəsi məşğul olur. Qurumla əlaqə saxladıq. Bildirdilər ki, bu barədə heç bir məlumat verə bilmərik, bütün məlumatlar müəssisənin saytında yerləşdirilib. Görünür “Azərfarm” elə saytları kimi fəaliyyət göstərir. Sayta yerləşdirilən bütün məlumatlarda hərflərdən çox sual işarələri var...
Mənbə:ANS PRESS