Qadin.NET / Azərbaycan mediasında ədəbi dilin vəziyyəti necədir?

Azərbaycan mediasında ədəbi dilin vəziyyəti necədir?

 

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu ölkədə fəaliyyət göstərən saytlarda Azərbaycan ədəbi dilinin işlənmə vəziyyəti ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, institutun direktoru Tofiq Hacıyev bildirib ki, hazırkı dövrdə saytlara meyl çoxdur: “İndi insanlar kitab oxumur, amma saytları oxuyurlar. Ona görə də saytların dil normalarına diqqət etmək lazmdır”.
İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib ki, 4 ay müddətində 15-ə yaxın aparıcı saytın 1000-dən çox materialı araşdırılıb. Nəticədə təxminən 500-ə yaxın səhv aşkarlanıb. Orfoqrafik səhvlər çox nəzərə alınmayıb.
Monitorinqin nəticələri əsasında saytlar 3 qrupa bölünüb. Bunlar dil mənzərəsi çox yaxşı olan, müəyyən nöqsanlar olan və dil baxımdan bərbad vəziyyətdə olan saytlardır: “Onların dili redaktə olunmur. Məsələn, yazırlar ki, “snayperçi oğlan lazımdır”. Amma snayper qız və ya oğlan olmur. Bunlardan əlavə, alınma sözlərdən çox, bəzi sözlərdən isə yersiz istifadə edilir. Məsələn, yazırlar ki, ABŞ-da vertolyot insidenti yaranıb. Halbuki bu, vertolyot qəzası olmalıdır. Yaxud yazırlar ki, Ədliyyə Nazirliyinin köməyi ilə hamilə qalan Lamiyə Quliyeva. Belə gülməli mənzərələrin olmaması üçün Azərbaycan dilində sadə, anlaşıqlı formada yazmaq lazımdır. Təəssüf ki, bizim saytlarımızda bu problem var. Əsas səbəb də redaktənin olmamasıdır”.
Q.Məhərrəmli bildirib ki, 3-cü kateqoriyalı saytların sayı isə kifayət qədər çoxdur: “Belə saytlarda bəzən bir nəfər saytın həm rəhbəri, həm yazarı və s. olur. Bir nəfər 5 nəfərin işini görür”.
Onun sözlərinə görə, saytlarda monitorinqlər davam edəcək. Növbəti mərhələdə ixtisaslamış saytlar monitorinqə cəlb ediləcək.
İnstitutun aparıcı elmi işçisi N.Qazıyeva deyib ki, elektron mediada operativliyi təmin etmək baxımından “tələsik nitq” formalaşıb: “Saytlarda fonetik norma pozuntuları ilə bağlı səhvlərin olması düzgün deyil. Bir cümlədə müxtəlif zaman formalarından istifadə edilir, dilimizn fonetik quruluşuna uyğun olmayan cümlələr işlədilir”.
Onun sözlərinə görə, mənası anlaşılmayan cümlələr həddindən artıq çoxdur. Bunun əsas səbəbi müxtəlif istiqamətli norma pozuntularının bir cümlədə olması, digər səbəb tərcümədən yaranan məna problemidir.
N.Qazıyeva deyib ki, monitorinq zamanı ən çox leksik səhvlər (29 faiz) aşkarlanıb. Üslubi səhvlər 28 faiz halda, qrammatik səhvlər 19 faiz halda aşkar edilib.
Monitorinqin nəticələrinə əsasən, Trend (az.trend.az), APA (apa.az) agentliklərinin saytları, eyni zamanda, Milli.Az saytı dil mənzərəsi çox yaxşı olan qrupa daxil edilib.

Mənbə:Milli.Az

 

14 mart 2015
GO BACK