Qadin.NET / Gürcüstanda azərbaycandilli radio açıldı

Gürcüstanda azərbaycandilli radio açıldı

 

 

Gürcüstanda Azərbaycandilli gürcü radiosu fəaliyyətə başlayıb. 
ANS TV-nin məlumatına görə, bu yarım milyondan artıq soydaşımızın yaşadığı qonşu ölkədə ilk Azərbaycandilli media qurumudur. Həmyerlilərimizin kompakt yaşadıqları rayonlarda yayımlanan radio sutka ərzində fasiləsiz fəaliyyət göstərir. Layihənin təşəbbüskarı və radionun direktoru İrakli Bandzeladze buna çoxdan ehtiyac olduğunu deyir.
“Azərbaycan dilində gürcü radiosu yaratmaqda əsas məqsədimiz ölkəmizdə yaşayan yüz minlərlə azərbaycanlıya öz dilində informasiya çatdırmaqdır. Belə ki, onları xəbərlə təmin etmək, onların bir gürcü radiosundan öz milli musiqilərini, muğamlarını, xalq mahnılarını eşitmələrini təmin etməkdir. Ən əsası bu insanların heç zaman görmədikləri bir şeyi, öz doğma dillərində media qurumunu onların xidmətinə təqdim etməkdir”, - deyə İrakli Bandzeladze bildirib. 
Proqram departamentinin rəhbəri Natiya Qoberidzenin sözlərinə görə, radioada yayımlanan xəbərlərin və digər maarifləndirici verilişlərin hamısı, səsləndirilən musiqilərin isə əksəriyyəti Azərbaycan dilindədir.
“Təəssüf ki, indiyə qədər Gürcüstanın azərbaycanlı əhalisi üçün onların danışdıqları dildə informasiya qurumu olmayıb. Bizim radiomuzun konsepsiyası bütün növ proqramları əhatə edir. Bu konsepsiya Azərbaycandilli əhalinin bütün yaş təbəqələrinə hesablanıb”-deyə Natiya Qoberidze söyləyib. 
Radio gün ərzində səhər saat 9:00-dan axşam saat 9:00-a qədər hər 3 saatdan bir efirdə olur. Radioda yayımlanan “Xəbərlər” informasiya proqramı vasitəsilə etnik azərbaycanlıların xəbər ehtiyacını ödəyən radio yerli və xarici kütləvi informasiya vasitələrinə istinad edir. 
Xəbər aparıcısı Afayət Əliyeva söylədi ki, Azərbaycan dilli gürcü radiosunda çalışmaq onun üçün xoşdur. Onlar Azərbaycandilli dinləyicilərə Gürcüstanda, eləcə də Gürcüstandan kənarda baş verən xəbərləri ən qısa və dəqiq şəkildə çatdırmağa çalışırlar.
Radionun əməkdaşı Anar Rafiqoğlu deyir ki, azərbaycanlılar bu radionun açılmasına çox sevinirlər. Onlara xoşdur ki, doğma dillərində nələrisə eşidirlər, yayıma bağlanıb öz doğma dillərində danışıllar. 
Radio rəhbərliyinin sözlərinə görə, onların Azərbaycandilli mətbuat orqanı yaratma ideyası və fəaliyyəti Gürcü mediası və siyasətçiləri tərəfindən də rəğbətlə qarşılanır. 

Mənbə:ANS PRESS

13 mart 2015
GO BACK