Azərbaycan Səhiyyə Nazirliyində qeysəriyyə əməliyyatı ilə bağlı vəziyyətin araşdırılması üçün yeni komissiya yaradılıb. Artıq bu komissiya tərəfindən dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatının icrası vəziyyətini öyrənmək üçün araşdırmalara başlanılıb.
Azərbaycan Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, aparılan araşdırmaların ilkin nəticələrinə görə, qanunvericiliyə dəyişiklik edildikdən sonra dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı qanunvericiliyin tələblərinə ciddi əməl olunur və bu məsələyə daha ciddi nəzarət edilir. Bütün əməliyyatlar barədə konsiliumda qərar verilir, anestezioloq əvvəlcədən xəstəyə baxış keçirir, əməliyyat üçün tibbi göstərişlər protokola uyğun aparılır.
Nazirlikdən bildirilib ki, dövlət tibb müəssisələrində əsaslı tibbi göstəriş olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılması halları çox azdır: “Hazırda bütün dünyada həm döl, həm də ana tərəfindən qeysəriyyə kəsiyi əməliyyatının olunması üçün tibbi göstərişlərin sayı artıb. Bütün dünyada əvvəllər qeysəriyyə əməliyyatı ananın vəziyyəti nəzərə alınmaqla həyata keçirilirdi. Son bir neçə il ərzində uşağın mühafizəsi naminə qeysəriyyə kəsiyi əməliyyatı üçün tibbi göstərişlərin sayı da artıb. İndi əgər döl tərəfindən göstəriş varsa, həmin ananın qeysəriyyə kəsiyi əməliyyatı olunmasına üstünlük verilir. Çünki yarımçıq uşaq doğuş yollarından keçəndə daha böyük travma olur. Ona görə də bu baxımdan qeysəriyyə göstərişləri nisbətən genişlənib. Elə hallar olur ki, hamiləlik tez başa çatmalıdır, çünki uşaq ana bətnində ölə bilər. Uşağın qısa müddətdə sağlam dünyaya gəlməsi üçün ana təcili qeysəriyyə əməliyyatı olunmalıdır”.
Nazirlikdən bildirilib ki, qeysəriyyə kəsiyi əməliyyatı tezliyinin artması perinatal itkilərin azalmasına gətirir. Lakin qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyi 15%-dən yüksək olduqda, bu, perinatal itkilərin səviyyəsinə təsir göstərmir.
Bu gün Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyi doğuşayardım müəssisəsinin səviyyəsindən asılı olaraq fərqlənir. III səviyyəli doğuşayardım müəssisələri isə əsasən ciddi mamalıq və ya ekstragenital patologiyası olan hamilələr üçün nəzərdə tutulduğundan cərrahi doğuşların tezliyi də yüksəkdir. Perinatal mərkəzlərdə doğuşların 50 faizi də əməliyyatla başa çata bilər.