Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Bərdə rayonunda yeni istifadəyə verilən regional “ASAN xidmət” mərkəzində “ASAN məktəb” bölməsi fəaliyyətə başlayıb.
“ASAN xidmət” mərkəzinin tərkibində yaradılan “ASAN məktəb” Bərdə rayonunun ümumi təhsil məktəblərinə I sinif şagirdlərinin qəbulunu təşkil edəcək və bu prosesdə vaxt itkisini aradan qaldıracaq, şəffaflığı artıracaq.
“ASAN məktəb” bölməsinə müraciət edən valideynlər Bərdə rayonunun ümumi təhsil məktəbləri ilə interaktiv lövhədə tanış olur və seçdiyi məktəbdə I sinifə qəbulla bağlı vəziyyəti öyrənir. Uşaqların məktəbə hazırlığı və psixoloji durumunun yoxlanılması da “ASAN məktəb”də yerindəcə həyata keçiriləcək. Komissiyadan keçdikdən sonra uşağın məktəbə qəbul olunması ilə bağlı bildiriş həm valideynə, həm də yerli təhsil şöbəsinə təqdim olunacaq.
“ASAN məktəb” layihəsi çərçivəsində digər xidmət ümumi təhsil məktəblərində pedaqoji və texniki sahədə çalışanlara iş yeri haqqında elektron arayışın verilməsidir. Bu xidmət hazırda ölkənin dövlət və özəl ümumi təhsil məktəblərində çalışan 225 minədək əməkdaşı əhatə edir. Əməkdaş çalışdığı təhsil müəssisəsinə getmədən “ASAN” xidmət mərkəzlərinə müraciət etməklə, yaxud “Elektron Hökumət” portalında qeydiyyatdan keçməklə, öz iş yeri haqqında elektron arayış əldə edir və həmin arayışı elektron poçt vasitəsilə tələb olunan yerə göndərir.
“ASAN məktəb” layihəsi çərçivəsində növbəti xidmət ümumi təhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayışın verilməsidir. Dövlət və özəl ümumi təhsil məktəblərində oxuyan 1 milyon 325 mindən artıq şagirdi və onların valideynlərini əhatə edən bu xidmət valideynə təhsil müəssisəsinə getmədən “ASAN” xidmət mərkəzlərinə müraciət etməklə, yaxud “Elektron Hökumət” portalında qeydiyyatdan keçməklə övladının oxuduğu məktəb, sinfi, tədris dili və öyrəndiyi xarici dil haqqında elektron arayış əldə etmək və həmin arayışı elektron poçt vasitəsilə tələb olunan yerə göndərmək imkanı verir. Mərkəzdə yaradılmış “ASAN kadr” karyera mərkəzi “ASAN məktəb” könüllülük proqramını bitirmiş gənclərə iş tapmaq üçün xüsusi imkanlar verir. Bunun üçün hazırlanmış www.asankadr.az portalı işaxtaranların məşğulluğuna və işəgötürənlərin müvafiq kadrlarla təmin olunmasına şərait yaradır.