Qadin.NET / Depressiya bəlası: Azərbaycan əhalisinin neçə faizi bu xəstəliyə yoluxub?

Depressiya bəlası: Azərbaycan əhalisinin neçə faizi bu xəstəliyə yoluxub?

 

"Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin 10-15 faizi depressiyadan əziyyət çəkir". 
Bunu Trend-ə Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.
Onun sözlərinə görə, Azərbaycanda əsas problemlərdən biri depressiyanın psixi pozuntu kimi qəbul olunmamasıdır. Depressiya ən geniş yayılmış psixi pozuntulardan biri olsa da, Azərbaycanda çox adam depressiyanı normal əhvali-ruhiyyə kimi qəbul edir və hesab edir ki, hər bir kəsin əhvali-ruhiyyəsi aşağı ola bilər. Depressiyaya belə yanaşma isə düzgün deyil və bu, sonda müəyyən problemlər yaradır.
Depressiyaya daha ciddi yanaşılmasını vacib sayan Mərkəzin direktoru qeyd edib ki, Azərbaycanda depressiyadan əziyyət çəkənlər son vaxtlar bu xəstəliyə daha ciddi yanaşmağa başlayıblar: “İnsanlar depressiya haqqında daha çox məlumatlar əldə etməyə başlayıblar. Bu məlumatların da əldə edilməsi çox vacibdir, çünki insanlar nə qədər çox məlumatlı olsalar, yardım üçün də bir o qədər tez müraciət edə bilərlər”.
Depressiyanın adətən payız və qış aylarında baş verdiyini xatırladan F.İsmayılov bildirib ki, əslində çox adam depressiyadan şikayət etsə də, bu şikayətlərin hamısı depressiya ilə bağlı olmur. Çünki insanda depressiyanın olmasını təsdiqləmək üçün 3 əsas əlamət ən azı 2 həftə ərzində müşahidə edilməlidir. Onlardan birincisi əhvali-ruhiyyənin aşağı olması, ikincisi hər şeyə qarşı marağın itməsi, üçüncüsü isə enerjinin tükənməsidir. Bundan başqa, həmin şəxsdə əlavə olaraq daha bir neçə simptom - yuxusuzluq, iştahasızlıq, özünə qarşı qiymətləndirmə aşağı olmalı, ümidsizlik, köməksizlik hissi yaranmalıdır. Belə insanların hətta intihar etmə ilə bağlı fikirləri də ola bilər. Depressiyaya düşən xəstələrin 20 faizində intihara meyillik var və intihara cəhdlər də edilir: “Depressiyanın yaranmasında bir neçə faktor rol oynayır. Depressiyanın yaranmasında bioloji amillər mühüm yer tutur. Bunlardan birincisi irsiyyət faktorudur. Əgər nəsildə depressiyaya meyillik varsa, onda çox güman ki, insan depressiyaya qarşı həssas ola bilər. İnsan ağır xəstəliklərə düçar olduqda da depressiyaya tez düşə bilər”.
Onun sözlərinə görə, depressiyanın yaranmasında psixoloji faktorlar - tənhalıq, bəzi şəxsi xüsusiyyətlər də rol oynayır. Adətən, boşanmış qadınlar, zorakılığa məruz qalan insanlarda depressiyaya qarşı psixoloji həssaslıq yaranır. Eyni zamanda, sosial çəhətdən müdafiə olunmamış insanlar da depressiyaya daha çox meyilli olurlar.
F.İsmayılov əlavə edib ki, aparılmış tədqiqatın nəticələrinə əsasən, Azərbaycanda məcburi köçkünlər arasında depressiya göstəriciləri çox yüksəkdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük şəhərdə - Bakı əhalisi arasında depressiyaya düşmə halları çox olur.
Mərkəz direktorunun sözlərinə görə, depressiyadan həssas qruplar daha çox əziyyət çəkirlər. Eyni zamanda, depressiya kişilərlə müqayisədə qadınlar arasında iki dəfə çox müşahidə edilir. Bu, qadınların daha çox emosional, eyni zamanda, həssas olması, onların depressiya əlamətlərini hiss etdikdə həkimə daha tez müraciət etməsi ilə izah edilə bilər.
F.İsmayılov deyib ki, depressiya insanda birinci dəfə yaranırsa, onda 50 faiz ehtimalla həmin şəxs ikinci dəfə depressiyaya düşə bilər. Depressiya 2 dəfə yarandıqda onun 3-cü dəfə baş vermə ehtimalı 75 faizə, 3 dəfə olduqda isə 4-cü dəfə baş vermə ehtimalı 90 faizə yüksəlir.
Depressiyanın müalicəsində kortəbii şəkildə dərmanlardan istifadənin düzgün olmadığını deyən Mərkəzin direktoru əlavə edib ki, müalicə üçün ilk növbədə depressiyanın yaranma səbəbləri araşdırılmalı və ağırlıq səviyyəsi müəyyənləşdirilməlidir. Yüngül və orta səviyyəli depressiyanın müalicəsinin dərmanla aparılması o qədər məqsədəuyğun deyil. Bunun üçün qeyri-medikamentoz üsullar tətbiq oluna bilər. Bu üsullar depressiya haqqında dolğun məlumatlandırma, problemlərin həll edilməsi, bu problemlə bağlı fikirlərin dəyişilməsi, yeni fəaliyyət planı hazırlamaq və s-dir. Depressiyanı psixoterapiya vasitəsilə müalicə etmək olar. Bu üsul çox mürəkkəb olsa da, çox effektiv sayılır. Xəstənin vəziyyəti kifayət qədər ağır olduqda isə həkim məsləhəti ilə bəzi dərmanlardan istifadə etmək olar.
F.İsmayılov bildirib ki, Azərbaycanda depressiyadan əziyyət çəkənlərin konkret sayını da demək mümkün deyil. Çünki insanların çoxu depressiyaya düşdükdə heç bir həkimə müraciət etmirlər. Bəzi insanlar isə qeyri-ixtisas həkimlərinə - kardioloqa, terapevtə, nevropatoloqa müraciət edirlər ki, onlar da depressiyaya düşən şəxs kimi rəsmi qeydiyyata götürülmürlər. Depressiyaya düşənlərin 70-80 faizi psixiatriya yardımlarından faydalanmayaraq başqa yerlərdən kömək umurlar.

Mənbə:Milli.Az

 

13 mart 2015
GO BACK