Təbiət ən böyük sehrbaz, ən böyük rəssam və eyni zamanda, ən böyük mühəndisdir.
Sakit Okeanda yerləşən, Polineziya dövləti olan və 172 adadan ibarət Tonqada əsl möcüzə yaşanır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Tonqanın paytaxtı Nukualofadan 65 km şimalda, Sakit Okeanın dərinliyindəki vulkan püskürməsi nəticəsində ada yaranıb.
Uzunu 1,8 kilometr, eni 1,5 kilometr olan ada hazırda okean səviyyəsindən 100 metr yüksəkliyə qalxıb.
Geoloqların dediklərinə görə, Tonqa sahilindəki vulkanik adanın səthi hələ də istidir. Vulkanın püskürdüyü lava hələ də tam soyumayıb.
Bu ilin yanvarın əvvəlində formalaşmağa başlayan adanın bir müddət sonra suyun altına çökəcəyi və yoxa çıxacağı gözlənilir.
Yerli sakinləri adanı "Hunqa Tonqa Hunqa Haapay" adlandırıblar. Bu adın seçilməsinin səbəbi yeni və kiçik vulkanın adanın Hunqa Tonqa və Hunqa Haapay adalarının arasında olmasıdır.
Ada Hunqa Tonqa adasının yaxınlığındakı vulkanın 2014-cü ilin dekabrın 19-da püskürməyə başlaması nəticəsində yaranıb.
Adanın özündəki vulkanın püskürməsi də davam edir. Püskürmənin piki zamanı tüstü 4500 metr yüksəkliyə qalxmışdı.
Mənbə:Milli.Az