“Özəl pensiya fondlarının dövlət pensiya fondundan bir sıra üstünlükləri olacaq. Ən əsası isə vətəndaş özəl fonddan daha çox pensiya alacaq”.ANS PRESS-in məlumatına görə, bunu almaniyalı ekspert, professor Heis-Ditrix Şteinmeyer söyləyib.
Ekspert qeyd edib ki, mövcud sistemi saxlayıb ona bir neçə element əlavə olunacaq:
“Biz hesab edir ki, bu yeni sistem həm Azərbaycan üçün, həm də onun vətəndaşları üçün faydalı olacaq. Bu tam olaraq köklü sistem dəyişilməsi deyil, sadəcə olaraq mövcud sistemin təkmilləşdirilməsidir. Sığorta haqlarının təmin edilməsi həm işçi, həm də işəgötürən tərəfindən təmin edilməlidir. Bu zaman vətəndaş daha çox pensiya almaq imkanına sahib olacaq”, - deyə ekspert söyləyib.
Qeyd edək ki, artıq könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır. Hazırda DSMF özəl pensiya fondlarının formalaşdırılması, sığorta-pensiya sistemində yığım komponentlərinin tətbiqi, özəl pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı müzakirələrini davam etdirir. Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə həyata keçirdiyi layihə bu ilin noyabr ayına qədər başa çatacaq.
Mənbə: ANS PRESS