Qadin.NET / Əl yazısı sıradan çıxır?

Əl yazısı sıradan çıxır?

 

 

Əl ilə yazmaq uşağın psixomotorikasını, diqqətini, yaddaşını inkişaf etdirir. Bu bacarıqlar inkişaf etmədikdə uşaq dərs materialını qavramaqda çətinlik çəkir. Alimlərin fikrincə, kompüter və elektron dərsliklərin geniş tətbiqi gələcəkdə əl yazısını sıxışdıra bilər. Bu isə uşaqların inkişafına mənfi təsir göstərəcək. Portuqaliyalı alimlər də təcrübələr əsasında əl ilə yazmağın kompüterlə çapa nisbətən beyni daha effektiv inkişaf etdirdiyi qənaətinə gəliblər.İbtidai sinif müəlliməsi Həmidə Qafarlının sözlərinə görə, gün-gündən uşaqlarda kompüterə həvəs çoxalır: "Uşaqlar kompüterdə işləməyi çox tez öyrənirlər. Xarici ölkələrdə elektron dərsliklərin tətbiqi də geniş yayılıb. Artıq əl ilə yazmaq bir növ köhnəlir. Əvvəllər iş yerlərində əl ilə yazmaq, qovluqlara sənədləri yığmaq iş prosesinin əsasını təşkil edirdisə, artıq hər şey kompüterdə çap olunur. Tək-tük halda hansısa arayış və başqa sadə sənədlər əl ilə yazılır. Bütün bu amillər əl ilə yazının həyatımızda rolunu azaldır. Yeniyetmə, gənclər də kompüterdə yazır, əl ilə yazma artıq ikinci plana keçməkdədir".Onun sözlərinə görə, lakin əl ilə yazmağın beynin inkişafında mühüm rolu var. Uşaqlarda bir sıra bacarıqlar inkişaf edir. "Əl ilə yazarkən və kompüterdə çap edərkən beynimizin fərqli çalışdığı, fərqli düşünməyimiz də sübut olunub".Qafarlı qeyd edib ki, əl ilə yazmaq uşaqda koqnitiv bacarıqları da inkişaf etdirir: "Yazdıqca uşağın əzələləri hərəkətə gətirilir, əl qabiliyyəti inkişaf edir. Uşaq xırda işlər görərkən əl ilə mürəkkəb hərəkətləri belə görə bilir. Uşaqlar yazmağı öyrəndikdən sonra bu, onlar üçün mexaniki bir prosesə çevrilir. Onlar müəllimənin verdiyi tapşırıqda diqqətini cəmləyir və hərfləri necə yazacağına görə narahat olmur".Yazı yazmaq öyrənmə prosesinə də müsbət təsir göstərir. Belə ki, uşaqlar yazdıqları sözləri daha tez yadda saxlayırlar. Bir sıra aparılan testlərin nəticələri göstərir ki, kompüter vasitəsilə öyrənilən sözlərdənsə, əl ilə yazdığımız sözləri daha tez yadda saxlayırıq. Həm də lazımlı bir informasiyanı vərəqdə yazıb sonra vərəqi itirsək həmin informasiyanı xatırlamağımızın ehtimalı çoxdur. İnformasiyanı yazmadan beynimizdə saxlamaq istəsəydik onu unutma ehtimalmız daha çox olardı.Əl ilə yazaraq uşaqlar hərfləri də tez öyrənir. Yazdıqda diqqət informasiyanı qavramağa yönəlir, beynə qəbul olan informasiyanı daha dərin təhlil etməyə imkan verir. Əl ilə yazdıqda vizual yaddaş da inkişaf edir.Həmsöhbətimizin dediyinə görə, yazı və oxuma bir-biri ilə qarşılıqlı şəkildə inkişaf edən bir prosesdir. Uşaq düzgün yazmağı öyrənə bilməsə, oxumaqda da çətinlik çəkəcək. Mətni başa düşə bilməyəcək. "Əgər uşaq əvvəldən səliqəsiz yazmağa başlayarsa, bu vərdiş onda sonradan da qala bilər. Ona görə də, əvvəldən yaxşı yazmağı öyrətmək vacibdir. Uşağın yazıya həvəsi yoxdursa, yeni dərs ləvazimatları, gözəl dəftər və qələm onda bu həvəsi oyada bilər".Uşaqlar əl ilə yazdıqca onlarda beynin müəyyən hissələri inkişaf edir. Həmin hissələr yaş keçdicə dəyişmir və inkişaf etmir. Beynin həmin nahiyələri görmə və hərəkət arasında əlaqəni təmin edir.
Portuqaliyalı alimlərin fikrincə, rəqəmsal qurğular məktəblilərin həyatını asanlaşdırır. Uşaqlar dərindən düşünmür. Orfoqrafiyanı öyrənmir, belə ki, kompüter özü səhv yazılan sözləri düzəldir. Bu səbəbdən də müasir şagirdlər diqqəti toplamaqda çətinlik çəkirlər. Kompüterlərdən isə çox vaxt əyləncə üçün isfadə edirlər. Alimlər onu da bildirir ki, kompüterə hədsiz alüdəlik savadlılığın səviyyəsini aşağı salıb, uşaq və gənclərin söz lüğətini kasıblaşdırıb.
Bununla bağlı ABŞ alimləri də bir sıra təcrübələr aparıb. Təcrübə iştirkaçılarının beyni öyrənilib və müəyyən edilib ki, əl ilə yazma zamanı daha çox neyronlar fəallaşır, bunun da nəticəsində beynin funksiyalarını inkişaf etdirir, yaddaşı gücləndirir.
Psixoloq Elnarə Bağırovanın sözlərinə görə, uşaq böyüdükcə, beyni inkişaf etdikcə xətti də dəyişir. Yaxşı xətti olan uşaqlar bir qayda olaraq dərslərindən də yaxşı qiymətlər alırlar.
Yazı yazarkən beynin daha çox hissələri prosesə cəlb olunur. Qələmin vərəqə toxunuşu beynə əks əlaqə siqnalı göndərir. Tez-tez əl ilə yazan insanlarda əl ilə beyin arasında əlaqə güclü olur. Uşaqlar çox yazdıqca psixomotor bacarıqları daha da inkişaf edir.
Qeyd edək ki, son texnologiyaya əsaslanan kompüterlərdə sensor vasitəsilə əlyazma mümkündür. İstifadəçilər kompüter arxasında əyləşərək sensorda əl ilə yaza bilərlər. Bu texnologiyanı tətbiq edənlər artıq xəttin yaxşılaşmasına xidmət edən proqramlar üzərində işləyirlər. 

 

Mənbə: Ekspress.Az

12 mart 2015
GO BACK