Qadin.NET / Azərbaycandan 4 mlrd.-lıq gəlir

Azərbaycandan 4 mlrd.-lıq gəlir

 

Azərbaycandan 4 mlrd.-lıq gəlir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqi 2014-cü ili 4,13 milyard türk lirəsi (TL) gəlir, 94 milyon TL ümumi mənfəət ilə başa vurub.
ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, şirkətin ötən il 3,25 milyard TL olan aktiv böyüklüyü bu il 17% artaraq, 3,79 milyarda yüksəlib. 45 ölkəyə həyata keçirilən xarici satışların həcmi 563,5 milyon dollara çatıb.
Şirkətin baş direktoru Sadəddin Qorqudun dediyinə görə, neftin ucuzlaşması və türk lirəsinin dollara nəzərən qiymətdən düşməsi emal və neft-kimya sektoruna da təsir edib. Bu dövrdə ehtiyatların düzgün idarə olunması mühüm əhəmiyyət kəsb edir. Holdinqin zavodlarında potensial artım investisiyası və bütün kompleksdə planlı baxım proqramının uğurla həyata keçirilməsi nəticəsində mənfəət 8,7 milyon TL həcmində saxlanılıb. 
Yeni yatırımlar hesabına istehsal gücü 13% artıb. “Goldman Sachs” beynəlxalq investisiya bankının 250 milyon dollar müqabilində “Petlim” limançılıq hissələrinin 30%-nə ortaq olmasını vurğulayan baş direktor ötən il “Petkim”lə yanaşı digər sənaye şirkətlərinə xidmət göstərəcək yeni AR-GE Mərkəzinin açıldığını, İstanbul birjasında yalnız 6 sənaye şirkətinin yer aldığı Davamlılıq İndeksinə “Petkim”in də daxil olduğunu bildirib. 
Şirkət külək enerji stansiyası və “Petkim” konteyner limanı layihələrini müvəffəqiyyətlə davam etdirir. Böyüklüyünə görə Türkiyədə üçüncü, Egey bölgəsində isə birinci olan konteyner limanı inşasının iyul ayının sonunda tamamlanacağı bildirilir. Tezliklə tikintisinə başlanılacaq külək enerjisi stansiyası inşasının da bu il tamamlanması nəzərdə tutulur. Stansiyanın ilk fazası işə düşdükdən sonra “Petkim”in elektrik enerjisinə olan ehtiyacının 12%-i yeni mənbədən ödəniləcək.

 

Mənbə: ANS PRESS

11 mart 2015
GO BACK