Qadin.NET / “Muğam aləmi” Festivalı başlayır

“Muğam aləmi” Festivalı başlayır

 

“Muğam aləmi” Festivalı başlayır

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən martın 11-dən 18-dək Bakıda “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir sıra bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin keçirilməsi, beynəlxalq elmi simpoziumun, beynəlxalq muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Tədbirlərdə iştirak etmək üçün Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, İngiltərə, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan dünya şöhrətli musiqiçilər və qruplar dəvət olunub.
Təşkil ediləcək konsertlərdə xarici musiqiçilərlə yanaşı, Azərbaycanın görkəmli muğam ustaları Arif Babayev, Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Aqil Məlikov, Elnarə Abdullayeva, Təyyar Bayramov, Səbuhi İbayev və istedadlı gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Güllü Muradova, Mirələm Mirələmov və başqaları çıxış edəcəklər.
Eyni zamanda festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Xor Kapellasının, “Sinfonietta” orkestrinin çıxışları da nəzərdə tutulub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları festival günlərində qonaqlar üçün təqdim olunacaq.
Festival çərçivəsində Bakı Caz Mərkəzində görkəmli caz ustası Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş tədbir, Cəmil Əmirovun, Salman Qəmbərovun, Elçin Şirinovun rəhbərliyi ilə tanınmış caz kollektivlərinin iştirakı ilə konsertlər keçiriləcək.
Festivalın təntənəli açılış mərasimi martın 11-də Heydər Əliyev Mərkəzində olacaq.

 

Mənbə: ANS PRESS

11 mart 2015
GO BACK