ANS PRESS-in məlumatına görə, qondarma Dağlıq Qarabağ Respublikasının "apelyasiya məhkəməsi" birinci instansiyanın qərarını saxlayıb və heç bir dəyişiklik etməyib.
Saxta məhkəmə nəticəsində, Azərbaycanlı girovlardan Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 26 fevral tarixində Xankəndində "apellyasiya məhkəməsi"nin ilk iclası keçirilib. "Məhkəmə"də girovlarımıza qarşı böhtan və ittihamlar səslənib.
Dilqəm Əsgərov isə özünü müdafiə edərək ittihamlara layiqli cavab verib. O bildirib ki, heç bir qətl törətməyib və Kəlbəcərə öz doğma torpaqlarını görməyə gəlib.
Azərbaycan tərəfi rəsmi səviyyədə bəyanatlar verərək girovların azad edilməsini tələb edir. Hətta, ABŞ və Rusiya da girovların qaytarılması ilə bağlı açıqlamalar veriblər. ABŞ girovların azad edilməsi ilə bağlı Ermənistana müraciət də ünvanlayıb.
Ancaq buna baxmayaraq Ermənistan hələ də günahsız azərbaycanlıları girov saxlayır. Ermənistan hökuməti doğma dədə-baba torpaqlarını ziyarət etmək üçün Kəlbəcərə gedən azərbaycanlılara diversant damğası vurub.
Mənbə: ANS PRESS