Qadin.NET / Bakıda Novruz yarmarkaları keçiriləcək

Bakıda Novruz yarmarkaları keçiriləcək

 

 

Bakıda Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.Kənd Təsərrüfatı Nazirliyindən APA-ya verilən məlumata görə, yarmarkalar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 14-19 mart 2015-ci il tarixlərində keçiriləcək.
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.
Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
Yarmarkaların keçiriləcəyi ünvanlar barədə əlavə məlumat veriləcək.

 

Mənbə: Milli.Az

9 mart 2015
GO BACK