Qadin.NET / "Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"

"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"

Millət vəkili Zahid Oruc Azərbaycan xanımlarını dünyanın ən zərif milləti adlandırdı. Milli.Az ANS PRESS-ə istinadən deputatın "Qadınların günü" adlandırdığı məqaləsini təqdim edir:
"Təqvimlə idarə olunmağın əleyhinə olsam da, ilin cəmi bir gününü qadınların üzərində qurmağı səxavətlə qəbul edirəm. Məgər, həyat, canlı varlıq zərif məxluqların yaradıcı gücünün üstündə bərqərar olmayıb ki?!
8 Marta ideoloji münasibət bəsləyənləri anlamaq olar. Klara Setkini sovetizmin simvolu kimi götürərkən bolşeviklərin xeyli üstünlüklər qazanacağı bəlliydi. Qadına kəniz və kölə kimi yanaşan, hər zaman fiziki və cismani istismarın aləti kimi onlardan faydalanan quruluşlardan fərqli olaraq leninçi-marksist təlimin məqsədləri tamam başqaydı. Kimin necə qiymətləndirməyindən asılı olmayaraq, kommunaçı hərəkat qadınları cəmiyyətin tam hüquqlu üzvünə çevirdi və “bərabərlik” şüarı gerçək məzmun aldı.
İndi qadınlar ictimai həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə addımlayır. Hətta bəzən əks prosesin getdiyini, matriarxal sistemə qayıdışa doğru addımların atıldığını iddia və bunu faktlarla sübut edənlər də var. Qoy olsun. Qadınların ədaləti kişilərin üsul-idaərisindən daha qüvvətlidir və kainat başlanğıcda məhz belə yaranmışdı. Sonra bütün müharibələri törədən kişilər qadınları ön cərgədən arxaya itələyib, guya bunu müqəddəs məqsəd naminə etdiklərini söyləyib mizan-tərəzini dəyişdilər. Xanımları qorumaq adıyla silahlanan kişilər min illərdir ki, savaşdan geri durmağı bacarmırlar.
Azərbaycan qadını tarixən şərəfli bir yol keçərək ictimai və sosial həyatın aparıcı üzvünə çevrilməyi haqq ediblər. Xanımlarımız müstəqillik illərinin bütün ağrılarını və məhrumiyyətlərini kişilərlə birgə çəkiblər və tam məsuliyyətlə demək olar ki, torpaqlarımızı müdafiəyə oğul və əsgər göndərməzdən qabaq qadınlarımız Vətənin keşiyini bilavasitə özləri də çəkməkdə tərəddüd göstəməyiblər. Ona görə də Azərbaycan kişisi qadınlara ədalətli sülhü və torpaq bütövlüyünə malik bir dövləti hələ də borclu qaldığını heç vaxt unutmamalıdılar. Biz qadınlarımıza Qarabağ adlı böyük bir əmanəti geri qaytarmağı bacarmalıyıq.
30-dan artıq ölkədə olmuş bir insan kimi tam məsuliyyətlə deyirəm ki, dünyada Azərbaycan qadınları kimi gözəl ikinci “zərif millət” yoxdur. Qafqazın bütün təbii iqlim üstünlükləri, genetik təmizlik və möhkəm ailə ənənələri belə bir quruluşu və əsrarəngiz cizgiləri xanımlarımıza bəxş edib. Qalır həmin fiziki-bioloji mükəmməlliyin içərisini intellekt, qabaqcıl dünyagörüş, savad və bacarıqla doldurmaq, həqiqi bilgilərlə cismini zənginləşdirmək. Axı hər bir millətin səviyyəsi qadınların durumu ilə müəyyənləşir. Qızlarımıza mətbəx oyuncaqlarından düzəltmək istədiyimiz gələcəyi bir kənara atsaq, erkən nikahlar ənənəsini durdursaq, qadınlar üzərində yarımdiktatorluq ərkanımıza “əlvida” deməyi bacarsaq, həqiqətən hamının xeyrinə olar.
Sevil öz çadrasından imtina edəndə nəhayət azadlığa qovuşduğunu zənn edirdi. Lakin bizlər sevgimizin və ədəbi duyğularımızın əvəzolunmaz ünvanları kimi gördüyümüz xanımları buxovlamaq üçün çadradan və hicabdan daha qara vasitələr tapmaqda davam elədik. İndi də analarımızı, bacılarımızı, qız övladlarımızı nə qədər böyük duyğularla vəsf eləsək də, onların üzərində hökmranlığımızı göstərmək üçün bütün zorkalıqları etməyə hazırıq. Böyük Üzeyirin təbiri ilə desək, ”tabe olmasa, kötəklərik”!
Ona görə də qadını savadlı və azad olan cəmiyyət modelinə doğru getməyi bacarmalıyıq. Əks halda Axundovun dərvişinə bel bağlayan və nişanlısı Şahbaz bəyi Avropadan-təhsildən və firəng qızlarından uzaq tutmaq üçün “Parisi partlatmaq”dan özgə çarəsi qalmayan mövhumatçı bəndələri qarşımızda görəcəyik.
Qadınları təbrik edərkən onlara sevgi mesajları və çiçəklər yollayarkən bunları unutmayın. Xanımlar güzgü kimidilər - onlara necə yanaşsan, həminki baxışları onqatı ilə geri qaytaracaqlar. Kirli və sınıq güzgülər deyil, təmiz aynalar hər kəsi özünə daha yaxşı göstərir, deyilmi?

Mənbə: Milli.Az

8 mart 2015
GO BACK