Qadin.NET / Qadınlarımızın sayı açıqlandı

Qadınlarımızın sayı açıqlandı

Qadınlarımızın sayı açıqlandı
2015-ci ilin fevral ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 820,2 min nəfərini qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, qadınların 57,1 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulmuş 170,5 min körpənin 46,4 faizini qızlar təşkil edib.
Hazırda ölkədə 21 doğum evi, 152 qadın məsləhətxanası, 282 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,2 yaş yüksək olaraq 76,8 yaşa bərabərdir. 
Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,6 faizi, orta ixtisas təhsil müəssisələrində 75,1 faizi, ali təhsil müəssisələrində 48,8 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 45,8 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,5 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Doktorantların 50,0 faizini, bütün elmi işçilərin isə 53,2 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,9 dəfə, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,7 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.

Mənbə: ANS PRESS

7 mart 2015
GO BACK