Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.ANS PRESS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, təbrikdə deyilir:
"Hörmətli xanımlar!
Sizi, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir və ən xoş arzularımı bildirirəm.
Tarix boyu Azərbaycan qadınları öz Vətəninə, xalqına, dövlətinə sadiq olaraq öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, Vətən üçün ləyaqətli övladlar tərbiyə etmiş, yeri gələndə qılınca qurşanaraq öz həyat yoldaşları ilə birlikdə çiyin-çiyinə müqəddəs torpaqlarımızın müdafiəsinə qalxmış və bu gün də bu missiyanı şərəflə davam etdirirlər.
Ölkənin ictimai-siyasi, mədəni, elmi, pedaqoji həyatında, müxtəlif sahələrdə olduğu kimi, hərbi peşəni seçən və taleyini Vətənə xidmət peşəsinə həsr edən qadınlarımız da kifayət qədərdir. Ölkə rəhbərliyi onların xidmətlərini həmişə yüksək qiymətləndirir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanımın timsalında bu gün bütün dünya Azərbaycan qadınlarının nəyə qadir olduğunu görür və qiymətləndirir.
Bu bayram günündə şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanları Gültəkin və Salatın Əsgərovaların, "Azərbaycan Bayrağı" ordenli Məleykə Əhmədova, Qaratel Mahmudova, Rahilə Orucova və digər neçə-neçə mübariz qadınlarımızın xatirəsini hörmət və ehtiramla yad edir, onların doğmalarına, ümumiyyətlə, bütün şəhid analarına, şəhid hərbi qulluqçuların vəfalı ömür-gün yoldaşlarına bayram təbrikimi çatdıraraq, onlara səbr, təmkin və dözüm arzulayıram.
Müstəqil respublikamızın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olan Azərbaycan əsgərlərinin analarının xidmətlərini bu gün xüsusi olaraq qeyd edirəm.
Veteran qadınlarımıza, eləcə də hazırda Silahlı Qüvvələrimizdə xidmət edən qadın hərbi qulluqçulara, dövlət qulluqçularına və mülki işçilərə möhkəm cansağlığı, xoşbəxt, firavan həyat, ailə səadəti və Vətən naminə çətin və şərəfli xidmətlərində daha böyük uğurlar qazanmağı arzulayıram.
Əmin olduğumu bildirirəm ki, siz bundan sonra da ulu öndərimizin ideyalarına sadiq qalaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qadınlarımıza göstərdiyi etimadı, diqqət və qayğını nəcib əməlləriniz və vicdanlı xidmətlərinizlə doğruldacaqsınız.
Bayramınız mübarək olsun, əziz xanımlar!"
Mənbə: ANS PRESS