Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "Whatsapp", demək olar ki, artıq ən çox istifadə olunan ünsiyyət vasitələrindəndir. Bəs biz "Whatsapp" haqqında nə bilirik?
ANS PRESS "Whatsapp" haqqında ən çox soruşulan suallara cavabları təqdim edir.
Telefonunuz başqasının əlində olarkən "Whatsapp" mesajlarınızı başqalarının görməsini istəmirsinizsə, onun girişinə 4 xanalı şifrə qoymaq mümkündür. Bunun üçün "Whatsapp Lock" şəklində axtarış edərək həmin tətbiqetməni yükləmək lazımdır.
"Whatsapp"ın ən maraqlı cəhətlərindən biri danışılan şəxsin şəbəkədə olub-olmadığını bilməkdir. Amma nəzərə almalısınız ki, əgər istifadəçi yazışmadan çıxandan sonra proqramı tam bağlamayıbsa, 5-10 dəqiqə ərzində qarşı tərəfə hələ də şəbəkədəymiş kimi görünür.
"Whatsapp"ın ən maraqlı və bəyənilən funksiyalarından biri də profil şəklini görənləri tənzimləyə bilməkdir. Bunun üçün Tənzimləmələr-Hesabım-Məxfilik bölmələrinə keçərək profil şəklini görənləri müəyyən edə bilərsiniz.
"Whatsapp" istifadəçilərinin ən çox qarşılaşdığı problemlərdən biri də sistemə qoşula bilməmələridir. Bu zaman internetə qoşulmanı yoxlamaqda fayda var. Lakin istifadəçilər onu da bilməlidirlər ki, bəzi Wi-Fi bağlantıları "Whatsapp" mesajlaşmanı əngəlləyə bilir. Bundan başqa, "Whatsapp"ın tez-tez çökdüyü və bəzən mesaj trafikinin kəsildiyi hallar da olub.
"Whatsapp"da mesaj almaq istəmədiyiniz şəxsləri blok edə bilərsiniz. Bu zaman həmin şəxslər nə etsələr də, sizə mesaj göndərə bilməyəcəklər. Blok edilib-edilmədiyinizi anlamağın da yolları var. Belə ki, əgər siz mesaj yazdığınız şəxs sizə cavab yazmırsa, yaxud da yazdığınız mesajların qarşısında sadəcə bir xətli təsdiq işarəsi qoyulursa, bu, sizin bloka salındığınızın göstəricisi ola bilər. Amma mümükündür ki, bütün bunlar qarşı tərəfin məxfilik tətbiqetmələrindən istifadə etdiyi üçün də olsun.
"Whatsapp"da mesajlar göndəriləndə birxətli təsdiq işarəsi mesajın göndərildiyini, ancaq qarşı tərəfin mesajı hələ oxumadığını, ikixətli təsdiq işarəsi mesajın qarşı tərəfə çatdığını göstərir. Bu işarə mavidirsə, mesajı qarşı tərəfin oxuduğunu anlaya bilərsiniz. Əgər mesajınızın qarşısında saat işarəsi varsa, bu, o deməkdir ki, mesajınız hələ çatmayıb. Qırmızı rəngli nida işarəsi isə o deməkdir ki, mesaj hələ göndərilməyib. İnternet əlaqəni yoxlayandan sonra mesajı yenidən göndərmək lazımdır.
"Whatsapp"da yazışmaları yaddaşa verə də bilərsiniz. Bunun üçün tənzimləmələrə girib söhbəti elektron poçtunuza göndərə bilərsiniz.
Mənbə: ANS PRESS