"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində dövlət qeydiyyatında olan 901 tarixi abidə var. Bunlardan 609-u yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli və 13-ü beynəlxalq əhəmiyyətli abidədir". Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, deputat Xanhüseyn Kazımlı bu gün Bakıda keçirilən “İşğal altındakı abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” adlı konfransda bildirib.
X.Kazımlı deyib ki, muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, kolleksiyalarda, ibadət yerlərində, şəxsi mülklərdə qorunan eksponat və digər əşyaları buraya aid etmək olar: "Halbuki bu kateqoriyaya aid 26 muzey, şəkil qalereyası, fərdi şəxslərə aid minlərlə eksponat torpaqlarımızın işğalı zamanı ermənilər tərəfindən mənimsənilərək Ermənistana aparılıb, bir qismi isə Almaniyada, Fransada, ABŞ-ın iri şəhərlərində satışa çıxarılıb, yaxud ermənilər üçün “nüfuzlu” bilinən şəxslərə hədiyyə edilib".
Onun sözlərinə görə, işğal altındakı dövlət qeydiyyatında olan abidələrimizin sayı barədə fundamental faktlar var: “İşğal altındakı abidələrdən təxminən 50 ədədini türbə, 67-ni məscid 67, 92-ni ziyarətgah, 106-nı məbəd, 262-ni xalqımızın tarixini əks etdirən xatirə abidəsi, 263-ni arxeoloji abidələr, 39-nu qalalar və 32-ni isə bu tipdən olan körpülər təşkil edir. Bunların hər birinin beynəlxalq qiymətləndirmə əsasında və beynəlxalq ekspertlərin iştirakı ilə dəyərləndirilməsi üçün fəaliyyət planı hazırlanıb. Memarlıq abidələri içərisində ermənilər tərəfindən dağıntı və tələfatlara ən çox məruz qalan islam dini abidələridir. Bura məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri daxildir. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində fəaliyyət göstərmiş 67 müsəlman məscidindən Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8-i olmaqla ümumilikdə 63-ü dağıdılıb, 4 məscid isə yararsız hala salınıb. Beynəlxalq təşkilatların müdaxiləsi nəticəsində Ağdam Cümə Məscidinin, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını qismən salamat saxlamaq mümkün olub”.
İşçi qrupunun rəhbəri qeyd edib ki, ermənilər dini etiqadlara qarşı daha bir amansızlıq nümayiş etdirərək Ağdam Cümə Məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı nifrətini nümayiş etdiriblər. Onlar qəbristanlıqların mərmər daşlarını söküb, formalarını dəyişərək Xankəndi, Xocavənd, Əsgəran, Laçında inşa etdikləri bağ və parklarda bəzək daşları kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlərlə qəbristanlıq dağıdılıb, minlərlə qəbirlər tanınmaz hala salınıb.
Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanın işğal altındakı ərazilərində dövlət qeydiyyatından kənarda qalmış daha 1500 islam dini abidələri – məscidlər, pirlər, ziyarətgahlar, həmçinin qəbristanlıq abidələri, o cümlədən türbələr, kurqanlar, siklop tipli memarlıq abidələri və antik qalalar mövcud olub.
X.Kazımlı bildirib ki, əldə olunan informasiyalar sübut edib ki, həmin ərazilərdə islam dininə məxsus abidələrin erməniləşdirilməsi, xrisitianlaşdırılması istiqamətində bir qrup terrorçu qruplaşmanın maraqlarına xidmət edən işlərin görülməsi davam edir: “Buna misal olaraq Şuşa şəhərində 3, Şuşa – Laçın yolunda Fətiş bulağı ərazisində 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa – Xankəndi yolunda 2, Xankəndi şəhərində 4, Əsgəranda 2 və Ağdamın Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsi inşa edilib. Bundan başqa Laçında 10, Kəlbəcərdə 7, Qubadlıda 3, Zəngilanda 2, Cəbrayılda 3, Füzulidə 2, Ağdərə, Əsgəran, Xocavənddə isə 15 alban dövrü məbədi təmir edilərək onlara erməni kilsəsi statusu verilib. Beləliklə, son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayı 58-ə çatdırılıb. Bu isə faktiki olaraq hazırda indiki Ermənistan Respublikası ərazisində istifadə olunan kilsələrin sayından 2 dəfə çoxdur”.
Mənbə: Milli.Az