Türkiyə- Ermənistan sərhədindəki "qardaşlıq" (ucubə) heykəlinin söküntüsü ilə bağlı məhkəmə prosesi keçirilib.
ANS PRESS-in "Hüriyyət"ə istinadla verdiyi məlumata görə, "ucubə heykəli" davasında qərar açıqlanıb. Məhkəmə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın heykəlin müəllifi Mehmet Aksoya 10 min lira (4160 manat) təzminat ödəməsinə qərar verib.
Xatırladaq ki, "İnsanlıq abidəsi" adlanan və türk-erməni dostluğunu ehtiva edən abidənin tikintisinə 2006-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmamışdı. Bir neçə il öncə baş nazir olan Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu demişdi. O, məlum abidənin “eybəcər” (ucube) olduğunu bəyan edərək sökülməli olduğunu bildrmişdi. Heykəlin hündürlüyü 35 metr, çəkisi isə 350 ton olub. Burada qarşı qarşıya dayanan iki şəxs təsvir edilib. Abidə qorunan ərazidə hazırlandığı üçün inşaası dayandırılmışdı. Ərdoğanın çıxışından sonra isə heykəl ümumiyyətlə dağıdılıb.
Mənbə: ANS PRESS