İyunun 3-də keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmayacaq.
Milli.Az-ın report-a istinadən yaydığı xəbərə görə, bu barədə mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
A.İsmayılovun sözlərinə görə, apreldən stadionda "Bakı-2015" I Avropa Oyunlarına hazırlıq işlərinə başlanılacaq. Arena kamandan oxatma yarışları üçün hazırlanacaq. Görüləcək işlərin qaçış cığırlarını əhatə edəcəyini deyən direktor ot örtüyünə hər hansı təsirin olmaması üçün çalışacaqlarını bildirib:
"Stadionumuzda paralel olaraq, futbol matçları da keçiriləcək. Amma ölkə kubokunun final qarşılaşması Avropa Oyunları ərəfəsinə təsadüf edəcəyindən, görüşün bizim arenada təşkili mümkün olmayacaq".
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-də start götürəcək. Kamandan oxatma yarışları isə 16 - 22 iyunu əhavə edəcək. Azərbaycan Kubokunun final qarşılaşmaları əksərən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Son 9 ildə ərzində yalnız bir dəfə - 2011-2012-ci il mövsümündə kubokun həlledici matçı başqa meydanda - "Dalğa Arena"da təşkil olunub.
Mənbə: Milli.Az