Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə ənənəvi “Strandja” beynəlxalq turnirinin qalibi olan Elvin İsayev doğma Gəncəyə dönüb. Kəpəz TV (Region TV) xəbər verir ki, dəri əlcək ustası şəhərin idman ictimaiyyəti tərəfindən Nizami Gəncəvinin məqbərəsi önündə çoşğu ilə qarşılanıb. Mübarizə apardığı 60 kq çəki dərəcəsində qızıla gedən yolda İsayev 5 döyüş keçirib. Onun bir yarışda iki erməni rəqibinə qalib gəlməsi uğurunun medalının çəkisini artırır. Belə ki, Gəncə boks məktəbinin yetirməsi ikinci döyüşündə Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanı, finalda
isə Ermənistan idmançısı Samvel Barseqyanı əzişdirib. Son Azərbaycan çempionu olan İsayev bu il Bakıda keçiriləcək İlk Avropa Oyunlarında iştirak etməyə əsas namizədlərdəndir.
Elvin İsayev: “Finalda erməni ilə rinqə çıxanda 26 fevral Xocalı faciəsindən bir gün keçmişdi. Düşündüm ki, qələbə üçün əlimdən nə gəlirsə, etməliyəm. Şükürlər olsun ki, rinqdən başıaşağı çıxmadım. Azərbaycanımızın himni səsləndi, bayrağımız daha yuxarıda dalğalandı”.
Mənbə: Milli.Az