Mart ayında bizi bir neçə maraqlı astroloji hadisə gözləyir - mikro ay və günəş tutulması. İlk astroloji hadisə martın 5-də Bakı vaxtı ilə saat 11:36 da yaşanacaq. Bu zaman bizim planetimizin peyki tam görünsə də, uzaq məsafədə olduğu üçün ölçüsü 13 faiz kiçik olacaq.
Günəş tutulması isə mart aynın 20-də Novruz bayramına təsadüf edəcək. Tam günəş tutulması Norveç dənizində - İslandiya ilə Norveç arasında müşahidə ediləcək. Bu proses martın 20-də Bakı vaxtı ilə saat 12:12-də başlayacaq və 15:26-ya kimi davam edəcək.
Mütəxəssislərin sözlərinə görə, günəş tutulmasını bəzi Skandinaviya ölkələri, Böyük Britaniya, Rusiyanın şimalında müşahidə edilə biləcək. Martın 20-dən martın 21-dən keçən gecə Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.
Mənbə: ANS PRESS