Qadin.NET / Ölkədə bu iki qorxulu xəstəlik geniş yayılıb

Ölkədə bu iki qorxulu xəstəlik geniş yayılıb

 

 

Bu gün dünyada olduğu kimi, Azərbaycanda da hepatit B və hepatit C virusları, o cümlədən onların ağırlaşması nəticəsində yaranan qaraciyər sirrozu və qaraciyər xərçəngi geniş yayılıb. Trend-in məlumatına görə, bunu Respublika Diaqnostika Mərkəzinin (RDM) həkim-qastroenteroloqu Arzu Yusifova hepato-qastroenterologiyaya həsr olunan beynəlxalq seminarda çıxışı zaman deyib.
Bu gün Azərbaycanda qaraciyər sirrozundan əziyyət çəkənlərin statistikasının aparılmamasına təəssüflənən A.Yusifova bildirib ki, adətən, hepatit virusları müalicə olunmadıqda qaraciyər sirrozu, qaraciyər sirrozu müalicə olunmadıqda isə qaraciyər xərçəngi yaranır.
RDM-in həkim-qastroenteroloqunun sözlərinə görə, hepatit B və C virusları insanlara tibbi müəssisələrdə yetərli qədər sterilizasiya olunmayan alətlər vasitəsilə keçir. Hepatit B, adətən, narkotik vasitə istifadəçilərində, qorunmamış cinsi əlaqələr nəticəsində yaranır, hepatit C virusu isə insana bu virusu daşıyan donorun qanı vasitəsilə də ötürülür: "Bir çox hallarda xəstənin bunlardan xəbəri olmur və qaraciyər sirrozuna yoluxur. Bu xəstəliklərin müalicəsi var.Əgər onlar vaxtında müalicə olunarsa, qaraciyər sirrozu yaranmaya bilər".
A.Yusifova qeyd edib ki, insanlar alkoqollu içkilərdən çox istifadə etdikdə də qaraciyər sirrozu və qaraciyər xərçəngi yaranır. Amma bəzi hallarda bu xəstəliklərin yaranmasında genetik faktorların da rolu böyük olur. Bəzən insan hepatit virusuna yoluxmadan, alkoqollu içkilərdən istifadə etmədikdə belə, qaraciyər xərçənginə mübtəla olur: "Bunda da yalnız genetik faktor rol oynayır. Azərbaycanda qaraciyər xərçəngi daha çox müalicə olunmayan hepatit viruslarının fəsadları olaraq yaranır".
Həkim-qastroenteroloqun sözlərinə görə, Azərbaycanda insanlarda qaraciyər xərçəngi, əsasən, bu virusların müalicəsinə gec başlanılması və qaraciyər sirrozunun uzun müddət davam etməsinin nəticəsi olaraq yaranır.
A.Yusifova deyib ki, bu gün Azərbaycanda hepatit virusları hepatit B və hepatit C, o cümlədən onların ağırlaşması nəticəsində yaranan qaraciyər sirrozu və qaraciyər xərçəngi geniş yayılıb.
RDM-in direktoru Cavid Abdulqədirov bildirib ki, Türkiyənin tanınmış alimlərinin iştirak etdiyi seminar həkimlərə bu sahə üzrə müalicə metodları barədə təcrübələrini bölüşməyə və gələcəkdə yeni nailiyyətlər əldə etməyə imkan verəcək. Direktor belə seminarların gələcəkdə də davamlı olaraq keçiriləcəyini söyləyib.

 

Mənbə: Milli.Az

28 fevral 2015
GO BACK