Qadin.NET / Savçenko ölmək üzrədir

Savçenko ölmək üzrədir

 

Savçenko ölmək üzrədir

Rusiya prezidenti yanında İnsan hüquqları şurasının üzvü Yelena Masyuk ukraynalı təyyarəçi Nadejda Savçenkonu ev dustaqlığına keçirməyi təklif edib. ANS PRESS-in məlumatına görə, Masyuk həmçinin şuranın digər üzvlərini onun çağırışını dəstəkləməyə və hökumətə müraciət edərək Savçenkoya qarşı cəza tədbirinin dəyişdirilməsini xahiş etməyə çağırıb.
"Hörmətli həmkarlar, siz, Savçenkonu cani və qatil güman etdiyinizə görə mənə etiraz etməyə qərar verməzdən əvvəl mənim sözlərimi yadınıza salın: Nadejda Savçenko ən yaxın günlərdə ölə bilər" – deyə xanım Masyukun müraciətində deyilir.
Onun sözlərinə görə xanım Savçenkonun səhhəti son günlər qəfildən pisləşib. "O artıq 15 gündür ki, qlükoza inyeksiyalarından imtina edir və onun daxili orqanlarında ciddi problemlər başlayıb" - deyə xanım Masyuk bildirib.
Qeyd edək ki, Nadejda Savçenko keçən ilin yayında Luqansk yaxınlığında iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. Onun özü isə bu ittihamları qəbul etmir. O, 76 gündür ki, Moskva istintaq təcridxanasında elan etdiyi aclığı davam etdirir.

 

Mənbə: ANS PRESS

28 fevral 2015
GO BACK