Qadin.NET / Krallıqda Xocalı anıldı

Krallıqda Xocalı anıldı

 

Krallıqda Xocalı anıldı

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Niderland Krallığında silsilə tədbirlər təşkil olunub.
Fevralın 26-da Azərbaycanın Niderlanddakı səfiri Mirhəmzə Əfəndiyev, Milli Məclisin deputatları Zahid Oruc, Sahib Alıyev, Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Xəzər Emin, Niderland-Azərbaycan Əməkdaşlıq Platformasının prezidenti Arnold Utama, Niderlanddakı Azərbaycan diasporunun rəhbər və fəalları, eləcə də səfirliyin əməkdaşları Haaqa şəhərində yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə əklil qoyublar.
Sonra “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Niderland Krallığının parlamentinin binasında, “Nieuwspoort” Beynəlxalq Mətbuat Mərkəzində “Light a Fire to Fight the Liar!” (Yalanla mübarizə üçün alov yandır!) adlı foto sərgi açılıb. Sərgi Holland ictimaiyyətinin təmsilçiləri tərəfindən təsis edilən Niderland-Azərbaycan Əməkdaşlıq Platformasının təşkilatçılığı, Azərbaycanın Niderlanddakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Sərginin açılışı zamanı Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhidlərin xatirəsinə şamlar yandırılıb, Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Xocalı soyqırımı” adlı film nümayiş etdirilib, iştirakçılara “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təqdim etdiyi tematik kitab, broşür, jurnal və digər təbliğat materialları paylanılıb.
Sərgi iştirakçıları “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış və Xocalı faciəsinin insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasına çağıran petisiyanı imzalayıblar.
Tədbirdə Niderland parlamentinin nümayəndələr palatasının deputatları, müxtəlif dövlət qurumlarının, o cümlədən holland ictimaiyyətinin təmsilçiləri, Niderlanddakı Azərbaycan diasporunun üzvləri, yerli və xarici jurnalistlər iştirak ediblər.
Sərgi ilə eyni vaxtda Niderland parlamentinin qarşısında, “Plein” meydanında çadır qurulub, yerli ictimaiyyətə Xocalı soyqırımı, ermənilər tərəfindən törədilmiş vəhşiliklər haqqında məlumat verilib, təbliğat materialları paylanılıb.

 

Mənbə: ANS PRESS

28 fevral 2015
GO BACK