Cenevrə avtosalonuna 2 həftə qalmış “Mercedes-Benz” şirkəti rəsmi olaraq sedan “S-class”-ın ən uzun versiyasının sirrini açdı. O indi “Mercedes-Maybach Pullman” adlanır.Milli.Az auto.az-a istinadən bildirir ki, yeni “Mercedes-Maybach Pullman”-ın ölçüləri belədir - 6499 x 1899 x 1598 mm. Beləliklə, yenilik standart “S-class”-dan 100 mm hündür, “Mercedes-Maybach S500/S600”-dən isə 1046 mm uzun olub. Buna baxmayaraq yeniliyin təkər bazası 4418 mm-dir.Təəccüblü deyil ki, avtomobilin bu ölçüləri məhz bir məqsədə – sərnişinlərin maksimum rahatlığına xidmət edir. “Mercedes-Maybach Pullman”-ın salonunun arxa hissəsində üz-üzə yerləşdirilmiş və 4 sərnişin üçün nəzərdə tutulmuş 2 sıra oturacaqlar var.
Oturacaqları bir-birindən mərkəzi tonnel ayırır ki, bu tonnelin müxtəlif sistemlərin idarə edilməsi üçün düymələri var. Bundan əlavə, oturacaqların söykənəcəklərini 43,5 dərəcə aşağı salmaq olar.
Bunlardan əlavə, avtomobil “Burmester” audio sistemi, sərnişinlərin salonunu sürücüdən ayıran mütəhərrik xüsusi arakəsmə və 18,5-düymlük displey alıb. “Mercedes”-dən, həmçinin bildirirlər ki, yeni “Pullman”-ın salonunun işlənməsində ən yaxşı materiallardan istifadə edilib və alıcılara məhdudiyyətsiz fərdiləşdirmə imkanları veriləcək.
“Mercedes-Maybach Pullman”-ın kapotu altında 6,0-litrlik tvin-turbo V12 mühərriki yerləşdirilib ki, o 530 a.g. və 830 Nm verir. Avtomobilin satışı 2016-cı ilin ortalarında başlayacaq. Çox güman ki, limuzinin standart versiyasının qiyməti təxminən 500 min avro olacaq.
Mənbə: Milli.Az