"2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilib".
ANS PRESS-in məlumatına görə, bu barədə iqtisadçı-alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, həmin görüşdə nazirliyin bütün rəhbər əməkdaşları o cümlədən müvafiq şöbə müdirləri iştirak edirdilər:
"Sözügedən layihənin müzakirəsinə eyni zamanda bir sıra mətbuat orqanları da qatılmışdırlar. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi və hətta deyildi ki, əgər ideya təsdiq olunarsa o zaman maliyyə çətinliyi olmayacaq çünki vəsait hissə-hissə hesaba köçürüləcək".
Ancaq Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli APA-ya açıqlamasında Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manat vəsait köçürüləcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu bildirib: "Bunlar boş söhbətdir və sosial informasiyadır. Necə ola bilər ki, məbləği qıza vermək olar, oğlana olmaz? Bu gün də sosial informasiyalar qədər narahat, cəmiyyəti tərpədən informasiyalar yoxdur", - deyə komitə sədri söyləyib.
Vüqar Bayramov isə niyə oğlan deyil qız uşaqlarına depoztilərin verilməsi məsələsinə aydınlıq gətirib. Mütəxəssis bildirib ki, Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acnacaqlı olsa da ana bətnindəcə öldürülür. Məqsəddə bu hallar qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir:
"Proqram layihəsini Milli Məclis deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırladığı üçün sözügedən qurumun mövqeyi önəmlidir. Uşaqların sayı çox olan ailələrdə valdeyinlərin daha tez pensiyaya çıxması təklifini isə bir sıra digər təkliflər ilə yanaşı həmin görüşdə mən bildirdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlar ilə bu məsələnin müzakirəsini aparsınlar. Qeyd edim ki, proqram layihəsinin hazırlanmasına əsas məsul olan şöbə Nazirliyin Məşğulluq siyasətu və əmək bazarının tənzimlənməsi şöbəsidir".
V.Bayramov sonda bildirib ki, ümumiyyətlə hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıdır: "Bu demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı bu gün hətta Ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər".
Mənbə: ANS PRESS