Bakıya “Qəhrəman şəhər” statusu alması məsələsi hələ də gündəmdədir.
ANS TV-nin məlumatına görə, II dünya müharibəsində qazanılan zəfərdə Bakının rolu danılmasa da Rusiya hökuməti Bakıya “Qəhrəman şəhər” statusu verilməsinə çox da tələsmir. Hələ 2005-ci ildə Rusiyadan bir qrup ictimaiyyət xadimi həm Azərbaycan, həm də Rusiya prezidentləri ilə görüşmüş və bu tarixi ədalətin öz yerini tapması üçün dəstək istəmişdi. Ancaq Rəsmi Moskva o zaman bu tələbi qəbul etməmiş ve buna səbəb olaraq da Bakının cəbhə zonasında yerləşməməsini göstərmişdi. Bu il 90 yaşını qeyd etməyə hazırlaşan müharibə veteranı və tarixşünas Abdul Hüseynov da zəfərin qazanılmasında Bakının rolunu yaxşı xatırlayır.
“Axı niyə Bakıya indiyədək “Qəhrəman şəhər” statusu verilmədi. Mən o hadisələrin canlı şahidiyəm. 1943-cü ildə cəbhəyə yollandım. Yaxşı xatırlayıram ki o zaman Bakı birdənbirə necə dəyişmişdi. Bütün fabrik və zavodlar silah istehsalına başlamışdı. Bakıda 100-ə yaxın silah istehsal edilirdi. Mən inanıram ki Bakı “Qəhrəman şəhər” ola bilər. Daha doğrusu olmağa layiqdir. Heç olmasa “döyüş şərəfi” ordeninə layiq görülməlidir”, - deyə Abdul Hüseynov bildirib.
Rusiya ictimaiyyəti də Sovet ordusunun benzin ehtiyacının 80 faizini qarşılayan Bakıya “Qəhrəman şəhər” statusu verilməsinin ədalətli bir qərar olacağına inanır.
İctimai xadim Yuriy Korıtin Bakının "Qara qızıl"ı olmasaydı faşizm üzərində qələbə qazana bilməyəcəklərini dilə gətirdi. Bakının sayəsində qalib gəldiklərini və hər il 9 Mayda bu zəfəri qeyd etdiklərini deyir. Onun sözlərinə görə, Bakının layiq olduğu yeri qəbul etmək lazımdır və bunu da SSRİ-nin mirasçısı olan Rusiya etməlidir. O çox təəssüf edir ki, bu barədə çox danışılsa da heç nə edilmir.
Bu il 9 Mayda qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək anım mərasiminə Azərbaycan prezidenti də daxil olmaqla 60-a yaxın dövlət başçısı dəvət edilib.
Mənbə: ANS PRESS