Azərbaycanlılar BMT-nin mənzil qərargahı qarşısında aksiya keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xocalı soyqırımının 23-cü ildönümünün anılması və faciə zamanı 613 nəfər günahsız insanın qətlə yetirilməsinə etiraz olaraq Ermənistanın BMT-dəki Daimi Nümayəndəliyi qarşısında aksiya keçirilib. Aksiyada Azərbaycan Nyu-York Assosiasiyasının təşkil etdiyi aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycanlıların Ermənistanın BMT-dəki Daimi Nümayəndəliyi qarşısından başlayan mitinqi daha sonra BMT-nin mənzil qərargahı önündə davam edib. Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan aksiyaçılar “Xocalı soyqırımı XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir”, “Xocalıya ədalət!”, “Azərbaycan Xocalı faciəsinin qurbanlarını unutmayacaq”, “Soyqırımı unutma” kimi şüarlar səsləndirib.
Aksiyanın təşkilatçıları Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını tələbə edərək “Dilgəm Əsgərov və Şahbaz Quliyevə azadlıq” şüarı səsləndiriblər.
Mənbə: Milli.Az