Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yeni aksiyaya başlayıb.
ARGTMŞ-dan verilən məlumata görə, aksiyanın məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və kampaniyaya dəstək verməkdir. Aksiya elektron poçt ünvanlarında istifadə olunan imzalarda “Xocalıya ədalət” kampaniyası ilə əlaqədar elektron bannerin yerləşdirilməsindən ibarətdir. Bu bannerləri yerləşdirməklə göndərilən hər bir elektron poçt “Xocalıya ədalət” kampaniyasına dəstəkdir. Aksiya çərçivəsində “Xocalıya ədalət” kampaniyası və soyqırımı qurbanlarına aid statistik göstəriciləri ehtiva edən elektron banner tədbir iştirakçılarının elektron poçt imzalarına əlavə olunacaq. Aksiya iştirakçılarının bütün ölkə daxili və beynəlxalq yazışmalarında bu elektron banner əks ediləcək.
ARGTMŞ-ın sədri Şahin Seyidzadə bildirib ki, son illərdə Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət” kampaniyası vasitəsilə faciə barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Tərəfimizdən “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq həyata keçirilən elektron poçt imzası aksiyası yalnız fevralın 26-sı ilə məhdudlaşmayacaq. Aksiyaya qoşulan vətəndaşlarımızın gündəlik yazışmalarında da əks olunacaq.
Aksiya barədə ətraflı məlumatı ünvanından əldə etmək mümkündür.
Mənbə: ANS PRESS