Bu gün Bakı 2015 Avropa Oyunları Voleybol yarışlarının seçim turunda iştirak edəcək qrupların tərkibini açıqlayıb.
Milli.Az Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsinə istinadən bildirir ki, Birinci Avropa Oyunlarının Voleybol yarışlarında 12 kişi və 12 qadın idmançılardan ibarət komandalar iştirak edəcək. Həmin komandalardan doqquz kişi və doqquz qadın idmançı Avropanın son reytinq siyahılarında tutduqları yerlərə görə seçim mərhələsindən keçiblər.
Oyunlara ev sahibliyi edən ölkə kimi Azərbaycanın milli komandası seçim mərhələsində avtomatik olaraq iştirak edir. Digər iki komanda Avropa Voleybol Konfederasiyasının Liqasının son dörd yarışlarında tutduqları yerə əsasən iştirak etmək hüququna layiq görülmüşdülər.
Bakı 2015 Avropa Oyunarının voleybol üzrə qruplarının tərkibi haqqında ətraflı məlumat aşağıda əks olunmuşdur (mötərizədə komandaların Avropa reytinqlərindəki yerləri əks olunub). Həm kişilər, həm də qadınların yarışlarında Azərbaycan ev sahibi olaraq A qrupunun tərkibində çıxış edəcək.
Kişi voleybolçuların yarışında A qrupunda Azərbaycan, Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə yığmaları yer alıb. B
qrupunda isə Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya kollektivləri mübarizə aparacaq.
Qadınların turnirində Azərbaycan, İtaliya, Türkiyə, Polşa, Belçika və Rumıniya milliləri A, Rusiya, Serbiya, Almaniya, Hollandiya, Xorvatiya və Bolqarıstan yığmaları isə B qrupunda yarışacaq.
Seçim mərhələsində komandalar daxil olduqları qrupların digər üzvləri ilə yarışacaqlar və hər qrupdan dörd komanda yarışların dörddə bir final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, Avropa Oyunlarında iyunun 13-də “Crystal Hall”da start götürəcək voleybol yarışlarında 336 idmançı iştirak edəcək.
Mənbə: Milli.Az