Qadin.NET / Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim edilib

Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim edilib

 

 

Azərbaycanlı gənclər Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim ediblər

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində bir qrup azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim edib. Səfirlik əməkdaşları əvvəlcə məktubu qəbul etmək istəməsələr də, gənclərin təkidindən sonra müraciəti qəbul etməyə məcbur olublar.
Etiraz məktubunda Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisində girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun dərhal azadlığa buraxılması, Ermənistan dövlətinin Azərbaycana qarşı təxribatlardan əl çəkməsi və işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılması tələb edilir. Məktubda bir sıra dövlətlərin və beynəlxalq təşkilatların azərbaycanlı girovların azadlığa buraxılması ilə bağlı fikirləri, tələbləri qeyd olunub.
Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondunun sədri Şamil Nağıyev bildirib ki, məqsəd azərbaycanlıların etirazını çatdırmaqdır. “Biz məktubda qeyd etmişik ki, qanunsuz saxlanılan azərbaycanlılar azad olunmalıdırlar və bunu nəinki azərbaycanlılar, dünya gəncliyi tələb edir”.
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev isə bu məktubla Ermənistan dövlətinə artıq qanunlara əməl etməyə, özbaşınalığa son qoymağa çağırış etmək istədiklərini deyib.
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında “Xocalıya ədalət!” şüarları ilə də öz etirazlarını bildiriblər.

 

Mənbə: Milli.Az

26 fevral 2015
GO BACK