Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Gənclər və İdman Nazirliyinin Azərbaycan Tələbə Gənclər Təşkilatı ilə birgə tədbiri baş tutub.
ANS PRESS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş "Mahir nişançı" güllə atıcılığı üzrə IX Respublika turnirində ölkəmizin 27 ali və orta ixtisas təhsil müəssisələrinin 100-dən artıq tələbəsi iştirak edib.
Turnirin sonunda qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında da 1992-ci ilin fevral ayının 26-da erməni faşistləri tərəfindən törədilmiş insanlığa qarşı ən qəddar və amansız Xocalı soyqırımının 23-cü ildönümününə həsr edilmiş anım mərasimi keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, Silahı Qüvvələrin Hərbi Akademiyasının, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Qarabağ Araşdırmalar Mərkəzinin nümayəndələri iştirak ediblər.
Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev bəşər tarixində vəhşiliyinə görə ən qanlı kütləvi terror hadisəsi kimi iz buraxmış Xocalı faciəsinin erməni quldurlarının dinc əhaliyə qarşı törətdikləri müdhiş cinayət olduğunu xüsusi vurğulayıb.
Sonra Qarabağ Araşdırmalar Mərkəzinin Direktoru dosent Elçin Əhmədov çıxış edib.
Tədbir Xocalı faciəsinə həsr olunmuş "Məhv edilmiş şəhər" sənədli filminin nümayişi ilə sona çatıb.
Mənbə: ANS PRESS