Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Kartal bələdiyyəsinin birgə təşkilatçılığı ilə soyqırımı qurbanlarının anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Hasan Ali Yücel Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Kartal bələdiyyəsinin sədri Altınok Öz, millət vəkili Fəzail İbrahimli, alimlər İbrahim Öztek, Adil Allahverdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə bələdiyyə sədri A.Öz və baş konsul H.Zeynalov tədbir çərçivəsində təşkil edilmiş fotosərgini ziyarət ediblər. Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Azərbaycanın İstanbuldakı baş konsulu H.Zeynalov həmişəki kimi bu gün də Azərbaycanın dərdinə şərik olduğuna və göstərdiyi diqqətə görə Kartal bələdiyyəsi sədrinə təşəkkürünü bildirib. O, insanlığa qarşı törədilmiş cinayət barədə geniş çıxış edərək faciənin tarixi, nəticələri, qurbanları barədə iştirakçıları məlumatlandırıb və dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb.
Kartal bələdiyyəsinin sədri A.Öz isə bildirib ki, Xocalı soyqırımını həyata keçirən və onu dəstəkləyən tərəflər öz cəzasını almalı, qətliam planının müəllifləri Azərbaycan xalqından üzr istəməlidir. O, Türkiyənin hər zaman qardaş Azərbaycan xalqının yanında olacağını, kədərini paylaşacağını vurğulayıb.
Tədbirin digər panellərində Azərbaycan və Tükiyə tarixçiləri, alimləri Xocalı soyqırımı, erməni saxtakarlığı və təxribatı ilə bağlı çıxışlar edib.
Mənbə: ANS PRESS