Xocalı hadisələrinin 23-cü ildönümünə bir gün qalmış Ermənistan ordusunun dinc insanlara qarşı törətdiyi bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması üçün xaricdə Azərbaycan Diasporu fəaliyyətini daha da aktivləşdirib. Xocalı qurbanları bu dəfə Romada yad edilib.
ANS TV-nin məlumatına görə, İtaliyanın paytaxtı Romada “Sonsuz dəhliz” filminin nümayişi keçirilib. “Sonsuz dəhliz” filmində məhz litvalı jurnalistin xatirələri əsasında çəkilib. Filmin ssenaristi litvalı jurnalist Riçard Lapaitisin 1992-ci ilin 26 fevralında baş verən Xocalı soyqırımının səhərisi gün Xocalıya gedib və orda azərbaycanlılara qarşı törədilən qətliamı öz gözlərilə görüb.
O zamandan bəri gördüyü vəhşiliyi unuda bilməyən jurnalist faciənin 20-ci il dönümündə Xocalıdan sağ çıxanları axtarıb tapıb. Faciə qurbanlarının ürək dağlayan hekayələrinin dinləyərək xatirələr yazıb.
Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilib. Tədbirə Azərbaycanın İtaliyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin nümayəndələri qatılıb.
Mənbə: ANS PRESS