Qadin.NET / Xocalı haqda dəhşətli fakt-Video

Xocalı haqda dəhşətli fakt-Video

 

Xocalı haqda dəhşətli fakt-Video

Ermənistan ordusunun Azərbaycan xalqına qarşı 20-ci əsrdə törətdiyi ən dəhşətli faciənin Xocalı hadisələrinin 23-cü ildönümü ərəfəsindəyik!
Sabah xalq faciə qurbanlarının xatirəsini yad edəcək. Əməkdaşımız o dəhşətli günləri Xocalı hadisələrinin şahidləri, təsadüfən bəxti gətirib sağ çıxmış insanlarla yad edəcək. Bir ailənin yaşadığı bu stress və dəhşəti bütünlüklə çatdırmaq çox çətindir. Gülləyə tuş gələn qoca və körpələrin, girov düşən qadın və uşaqların faciəsini, övlad, ailə və vətən seçimi qarşısında qalan kişilərin keçirdiyi hissləri bir anlıq da olsa yaşamaq dəhşətdir.
Xocalıyla bağlı ikinci süjetimə Sevil xanımla başladım. Niyəsi çox sadədir. Sevil xanım mənim nəzərimdə balası düşmən əlində qalan Azərbaycandır. Oxşarlığa bir baxın. Azərbaycan öz balası Xocalını meydanda necə tək qoymuşdusa, Sevil xanım da üç yaşlı körpəsini o cür qoyub gəlmişdi. Fevral ayının 13-ü idi. Xocalıya sonuncu dəfə çörək gətirən helikopter heç öz yükünü boşaltmağa macal tapmamışdı. Canını götürüb qaçmaq istəyən xocalılar arasında üç uşaq anası Sevil də vardı. O bir də onda ayılmışdı ki, sonbeşiyi Afət yanında yoxdur.
Balası əsir düşən Sevil xanımın sözlərinə görə, helikopter o qədər böyük idi ki, əvvəlini, axırı görünmürdü: “Adamlar iplə helikopterin kənarından sallanmışdılar. Pilot da iplə getdi. Biz Gəncəyə gəldik bir də gördüm ki, qaynanam çığırdı ki, bəs Afət yoxdur”.
Fazil Salahov Sevilin həyat yoldaşı Kamalın yaxın qohumudur. Həmin gün üç yaşlı Afətə onun anası Zəhra Salahova sahib çıxır. Ağdamdan Xocalıyla telefon əlaqəsi saxlayırlar. Deyirlər ki, narahat olmayın, uşaq atasının və Zəhra nənəsinin yanındadır. Cəmi 12 gün sonra balaca Afət atası, ona 12 gündə analıq edən Zəhra nənəsilə birlikdə meşə ilə Kətik dağına tərəf qaçır. Onlar od içində yanan Xocalıdan - bu dəhşətdən baş götürüb qaçırdılar. Əsl dəhşət isə onları qarşıda gözləyirdi.
Xocalı sakini Fazil Salahov: “Uşaq arxasında ayaqyalın gələrkən yoldaşım görüb ki, atışma başlayıb və xilas olmaq mümkün olmayacaq. Düşünüb ki, onsuz da ermənilər uşağı onun əlindən alıb qətlə yetirəcəklər. Qərara gəlib ki, ermənilərə girov düşməsin deyə daşın arasına qoysun. Donsun burada ölsün, onusuz da mən də öləcəm. Uşağı apara bilmərəm. Yoldaşım deyir ki, bir qədər uzaqlaşmışdım ki, gördüm uşaq çağırır - ata mən qaldım”, – deyə Sevil xanım qeyd edib. 
Afət atası ilə üç gün girovluqda qalır. Onlar sağ-salamat geri dönürlər. Amma Zəhra nənəsiz, Məhəmməd babasız.
Ata-anasını Xocalıda itirən Fazil Salahov: “Şelliyə qədər gedənlər, yollara səpələnənlər, bala deyib haray qoparanlar. Məsciddə nə qədər cəsədləri qaldırıb baxdım. Öz balamı, öz qonşumu tanımadım. Məscidə gətirilən uşaqların cəsədlərinin üzləri şiş idi. Öz-özümə sual edirdim, bu Afətdirmi, yox Afətin saçı belə deyil”.
İndi Afət bir evin gəlinidir. Şəkillərində də xoşbəxt görünür. Onun kimi xoşbəxt olmağa haqqı çatan 63 körpəni isə o gecədə itirdik. Ümumilikdə 613 dinc sakini. Məkanları əminəm ki, cənəntdir. Cəhənnəmi bu dünyada yaşadıqları üçün.

 

Mənbə: ANS PRESS

26 fevral 2015
GO BACK