Qadin.NET / Qarın qalınlığı baxanları dəhşətə gətirir

Qarın qalınlığı baxanları dəhşətə gətirir

 

 

RTV (Region TV) xəbər verir ki, qar uçqunu səbəbindən üç gündür ki, bağlı olan Quba-İspik-Xınalıq yolunda fevralın 24-ü gecə saatlarından başlayaraq avtomobillərin hərəkəti bərpa edilib.
Fevralın 22-si gecə saatlarında baş verən qar uçqunu Quba-İspik-Xınalıq yolunun 35-ci kilometrliyində qeydə alınmışdı. Əraziyə tökülən qar təbəqəsinin çoxluğu, eyni zamanda, həmin ərazidə texnikanın işləməsinin olduqca çətin olması yolun qardan təmizlənməsinə problemlər yaradırdı. Buna baxmayaraq, yol istismar idarəsinin işçiləri nəqliyyat əlaqəsi kəsilən Xınalıq, Qala Xudat, Bostankeş, Cek, Əlik və Atuc kəndlərinə avtomobillərin sərbəst hərəkətini təmin edə biliblər.
Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib ki, qar uçqunu nəticəsində nəqliyyat əlaqəsi kəsilən kəndlərdə hər hansı fövqəladə hal yaşanmayıb. “Yerli sakinlər təbiətin bu şıltaqlığına hazır olduqlarından vacib qış tədarükünü əvvəlcədən həyata keçirirlər. Kəndlərdə kifayət qədər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Ucqar dağ kəndlərində elektrik enerjisinin verilişində və rabitə əlaqəsində də hər hansı ciddi problem qeydə alınmayıb”, - deyə Y.Abidov bildirib.

Yol açıldıqdan sonra yaranan mənzərə görənlərin marağına səbəb olub. RTV (Region TV) xəbər verir ki, ərazidə olanlar yola tökülən qar təbəqəsinin qalınlığı gördükdən sonra təəccübünü gizlədə bilmirlər. 

 

Mənbə: Milli.Az

25 fevral 2015
GO BACK