Manatın dollara nisbətdə ucuzlaşması bölgələrdə bəzi işbazların süni bahalaşma yaratmasına rəvac vermişdi. Belə ki, onlar əllərində olan malların qiymətini yeni mal almamış qaldırmışdılar. Ərzaq məhsullarının topdansatışını həyata keçirən iri mağazalar isə qəsdən işləmirdilər.Belə hallar öz ağır nəticələrini Salyan və Şirvan şəhərlərində də bir neçə günlüyə göstərdi.
Amma prezident İlham Əliyevin dünənki xəbərdarlığından dərhal sonra bu gün səhər saatlarından vəziyyət dəyişib. Artıq Şirvan bölgəsindəki topdansatış ərzaq mağazaları fəaliyyətini bərpa edib. Siqaret istisna olmaqla heç bir malın qiymətində artım yoxdur. Siqaretin qiymətlərində isə 40-50 faiz artm müşahidə olunur. Süni surətdə bahalaşdırılaraq bir kisəsinin qiyməti 20 manata qalxmış unun da qiyməti hökumətin müdaxiləsindən sonra enib. Bir kisə unun qiyməti əvvəlki həddə - 16 manata qaytarılıb. Unun qısa vaxt ərzində belə bahalaşması çörək sexlərini bağlanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Mağaza sahiblərinin dediyinə görə, indi onların problemi odur ki, ölkənin əsas ərzaq istehsalçıları əvvəllər malı dükanlara nisyə verirdisə, indi artıq təklif etdikləri ərzağın pulunu nağd şəkildə əvvəlcədən tələb edir. Bu isə ticarətlə məşğul olmaq üçün əldə külli miqdarda pul olmasını tələb etdiyindən əlavə çətinlik yaradır.
Mənbə: ANS PRESS